top of page
Search

Özünü öldürmə həddinə çatdırma əməli: İntiharla hüquqi sərhədlərin müəyyənləşdirilməsi

Təəssüf ki, günümüzdə tez-teza rast gəlinən hadisələrdən biri də intihar hadisələridir. İntihara dünyanın demək olar ki, bütün ölkələrində və müxtəlif yaş qruplarında rast gəlmək olar. İntihara səbəblər müxtəlif ola bilər. Tədqiqatlara əsasən, intiharın əsas səbəbi depressiya hesab olunur. Amma bundan əlavə, ailədaxili münaqişələr, sağalmaz xəstəliklər, spirtli içkilərdən və narkotik vasitələrdən mütəmadi istifadə, bipolyar pozuntu, şizofreniya və s. kimi halla da intiharın səbəbləri arasında yer ala bilər.

Amma heç də intihar kimi görünən bütün hadisələr əslində intihar olmur. Belə ki, qəsdən adam öldürmə cinayət əməlini törədən şəxslərin öz əməllərini gizlətmək üçün istifadə etdiyi üsullardan biri də intihar görüntüsünü yaratmaqdır. Şəxsin bu əməli aşkar olunduqdan sonra onun əməli qəsdən adam öldürmə kimi qiymətləndirilir.

İntihar hadisəsinin başqa bir tərəfi də həqiqətən intihar etmiş şəxsin intihar etməsinin səbəblərinin aydınlaşdırılması və ortada cinayət əməlinin olub-olmamasının aşkar edilməsidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi (Özünü öldürmə həddinə çatdırma) görə, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma cinayət məsuliyyətinə səbəb olur. Baş vermiş intihar hadisəsində 125-ci maddənin tərkibinin olması istintaq orqanı tərəfindən araşdırılır. İntihar hadisəsində həqiqətən özünü öldürmə həddinə çatdırma cinayət əməlinin olmasını aşkar etmək və sübuta yetirmək istintaq orqanı üçün kifayət qədər mürəkkəb məsələdir. Maddənin dipozisiyasına nəzər salsaq görərik ki, maddi, xidməti və ya sair asılılıq kimi ifadələr qeyd olunub. Bu ifadələrin mənasını aydınlaşdırmaq lazımdır:

Maddi aslılıq dedikdə, zərərçəkmiş şəxsin təqsirkarın tam və ya qismən himayəsində olması, ondan maddi yardım alması nəzərdə tutulur.

Xidməti asılılıq dedikdə, işçinin müdiriyyətdən, tabeçilikdə olan şəxsin rəisdən asılılığı başa düşülür.

Sair asılılıq dedikdə, maddi və xidməti asılılıq istisna olmaqla, bütün digər asılılıqlar başa düşülür. Buraya təqsirkarla zərərçəkmiş arasında mövcud olan münasibətlərin xarakterindən asılı olaraq fiziki (məsələn, xəstə ilə ona qulluq edən şəxs arasında və s.), mənəvi (ailə üzvləri, məşqçi ilə idmançı, müəllim ilə şagird arasında və s.), sosial (qapalı sosial qrupların, kollektivlərin (sinif, hərbi hissə, dini sekta və s.) qeyri-formal liderlərindən olan asılılıq, psixoloji asılılıq (zərərçəkmişlə onun azadlığını məhdudlaşdıran şəxs arasında, rüsvayedici məlumata malik olan şəxsdən asılılıq və s.) və s. kimi asılılıq formalarını aid etmək olar. İctimai münasibətlərin müxtəlifliyi, yeni münasibət növlərinin yaranması (məsələn, virtual) şərh edilən maddədəki “sair cəhətdən asılılıq” anlayışının məzmununu genişləndirir. Bəzi hallarda asılılığın dərəcəsi yalnız zərərçəkmiş şəxsin həyat tərzinə, şəxsiyyətinə, işinə və ailəsinə təsiri baxımından müəyyən edilə bilər.

Bu qəbildən olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmalı, təqsirləndirilən şəxsin hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması, zərərçəkmişin təqsirləndirilən şəxsdən asılılığının forması göstərilməli və təqsirləndirilən şəxsin hərəkətləri ilə özünü öldürmə və ya ona cəhd arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.

Özünü öldürmə həddinə çatdırma cinayəti zərərçəkmişin özünə qəsd etdiyi vaxtdan və yaxud özünə qəsd etməyə cəhd etdiyi andan başa çatmış hesab edilir. Bu baxımdan zərərçəkmişin həqiqətən özünü öldürməyə cəhd etməsi, intihara cəhdin “səhnələşdirilmə” olmaması dəqiq müəyyən edilməlidir.

1) Azərbaycan Respublikası Cinayət Məcəlləsi, maddə 125 (30.12.1999);

2) "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qərarı (15.09.2022);

3) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin Kommentariyası, səh. 474

4) Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi rəsmi məlumatları.

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page