top of page
Search

Təhqir və böhtan hallarında hüquqi məsuliyyət

Updated: 2 days ago

Ləyaqət və Şəxsiyyətin Toxunulmazlığı


Ləyaqət və şəxsiyyətin toxunulmazlığı, insan hüquqlarının əsas prinsipidir. Hüquqi baxımdan, ləyaqət şəxsin ictimai və şəxsi mövqeyinin, nüfuzunun və hörmətinin ifadəsidir. Burada insanın cəmiyyətdə tutduğu yer, başqaları tərəfindən ona verilən dəyər xarici müstəvidə qiymətləndirilir. Eyni zamanda, insanın özünə verdiyi dəyər və özünə hörmət hissi isə daxili müstəvidə formalaşır.


Hüquq, məhz bu xarici təzahürlərdə öz əksini tapır. Çünki hüquqi münasibətlər, insanın daxili aləmini deyil, ictimai münasibətlər çərçivəsində həyata keçirdiyi davranışları tənzimləyir. Bu səbəbdən də insanın daxili təzahürünü müəyyən etmək çətin olduğundan, mənəvi zərər məsələsi hüquq nəzəriyyəçiləri arasında daim müxtəlif yanaşmalar formalaşdırır.


Şərəf, Ləyaqət və Nüfuz


Şərəf, ləyaqət və nüfuz anlayışları bir-birindən fərqləndirilməlidir. Şərəf, başqalarının insana verdiyi dəyər və formalaşdırdığı ictimai rəydir. Ləyaqət isə insanın özünə verdiyi, mütləq və dəyişməz olan daxili dəyəridir. Nüfuz isə şəxsin cəmiyyətdəki sosial çəkisini, tanınma səviyyəsini və ictimai mövqeyini ifadə edir.


Məhz buna görə də hər kəsin ləyaqəti var. Ləyaqətsiz insan yoxdur, yalnız ləyaqətsiz davranış mövcuddur. Ləyaqət eyni zamanda fəlsəfi-hüquqi kateqoriyadır: fəlsəfə onu izah etməyə çalışır, hüquq isə onu qoruyur. Hüquqi yanaşmada yalnız başqasının ləyaqətinə toxunmamaq (neqativ davranış) deyil, eyni zamanda şəxsin öz ləyaqətini qoruması (pozitiv davranış) da mühüm əhəmiyyət kəsb edir.


Azərbaycan Respublikasının Konstitusiyası


Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində göstərilir ki, hər kəs öz şərəf və ləyaqətini müdafiə etmək hüququna malikdir. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal onun alçaldılmasına əsas verə bilməz. Heç kəs işgəncəyə, əzaba və ya insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz.


Bu hüquqlar beynəlxalq hüquq sənədlərində də qorunur. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi, hər kəsin şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malik olduğunu bildirir. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 17-ci maddəsi, heç kəsin şərəf və nüfuzuna qanunsuz hücum edilə bilməyəcəyini təsbit edir. 1948-ci il İnsan Hüquqları Ümumi Bəyannaməsinin 12-ci maddəsi isə şəxsin şərəf və nüfuzuna hücumlardan qorunma hüququnu tanıyır.


Təhqir və Cəzalar


Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir - kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq kimi müəyyən edilir.


Şərəf və ləyaqəti alçaltmaq şifahi, yazılı və ya bədən hərəkətləri ilə ola bilər. Şifahi formada söymə, nalayiq sözlər və ələsalıcı ifadələr istifadə olunur. Yazılı formada məktub, ərizə, şikayət və ya digər sənədlər vasitəsilə həyata keçirilə bilər. Bədən hərəkətləri ilə alçaltma isə üzə tüpürmə, şillə vurma, mimika və jestlərlə baş verir. Bu hərəkətlər təhqir olunan şəxsin iştirakı olmadan da baş verə bilər.


Kütləvi Çıxışlar və İnformasiya Vasitələri


Əsas olan odur ki, şərəf və ləyaqət kütləvi çıxış, kütləvi nümayiş və ya kütləvi informasiya vasitələri, internet və sosial şəbəkələr vasitəsilə alçaldılmış olsun. Kütləvi çıxış və nümayiş dedikdə, məlumat və əsərlərin ən azı iki nəfər tərəfindən görə və qavranıla biləcəyi hallar nəzərdə tutulur.


Təhqirə görə 16 yaşına çatmış fiziki şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilər. Cəza 1000 manatdan 5000 manatadək cərimə, 240-480 saat ictimai iş, 1 ilədək islah işi və ya 6 ayadək azadlıqdan məhrum etmədir. İnternet informasiya ehtiyatında saxta istifadəçi adları, profillər və hesablar vasitəsilə törədilən təhqir və ya böhtan isə 1000-2000 manat cərimə, 360-480 saat ictimai iş, 2 ilədək islah işi və ya 1 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


İnzibati Məsuliyyət


Təhqir, Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən yalnız cinayət məsuliyyəti yaradır. Lakin İnzibati Xətalar Məcəlləsinin 610, 611 və 612.1-ci maddələrinə əsasən, hərbi qulluqçular arasında şərəf və ləyaqətin alçaldılması və ya zor tətbiqi inzibati məsuliyyət yaradır. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 594-2.0.2-ci maddəsinə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsə və ya onun yaxın qohumuna verdiyi məlumatla bağlı hədə-qorxu gəlmə, təzyiq göstərmə, təhqir etmə və ya maddi zərər vurulmasına görə səkkiz yüz manatdan min üç yüz manatadək məbləğdə cərimə edilir. Qalan hallarda başqasını söymək və sair yalnız cinayət məsuliyyətinə səbəb olur.


Böhtan və Cəzalar


Böhtan da şəxsin ləyaqəti əleyhinə olan əməldir. Böhtan, Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya internet informasiya ehtiyatında yaymaq kimi müəyyən edilir.


Böhtan, şəxsə mənfi qiymət verərək onu ictimaiyyət qarşısında nüfuzdan salan hərəkət sayılır. Bu, təhqirdən fərqli olaraq yalana əsaslanır. Maddi və mənəvi zərərin yaranması, yalan məlumatların yayılması nəticəsində şəxsin nüfuzunun zədələnməsi böhtanın hüquqi mahiyyətini təşkil edir.


147.1-ci maddəyə görə, böhtana görə cəza min manatdan min beş yüz manatadək cərimə, 240-480 saat ictimai iş, 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrum etmədir. 147.2-ci maddəyə əsasən, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədilən böhtan iki ilədək islah işi, üç ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


İnternetdə Böhtan


Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adları, profillər və hesablardan istifadə etməklə kütləvi nümayiş yolu ilə böhtan atmaq 1000-2000 manat cərimə, 360-480 saat ictimai iş, 2 ilədək islah işləri və ya 1 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Zərərçəkmiş Şəxsin Hüquqları


Bəs hüquq pozuntusu halında zərərçəkmiş şəxs nə edə bilər? Zərərçəkmiş şəxs həm təhqirə, həm də böhtana görə məhkəməyə şikayət verə və ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edə bilər. Bu tələb üçün zərərçəkmiş vurulmuş zərəri sübut etməlidir.


Ali Məhkəmə Plenumunun 03.11.2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarına görə, mənəvi zərər şəxsin hüquq və azadlıqlarının pozulması nəticəsində keçirdiyi mənfi psixi reaksiyaları və fiziki əzabları əhatə edir. Mənəvi zərər, şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, şəxsi və ailə sirlərinin açıqlanması, ictimai fəaliyyətinin məhdudlaşdırılması, sağlamlığa xəsarət və digər oxşar hallarda özünü göstərir.


Mənəvi zərərin ödənilməsi hüququ yalnız fiziki şəxslərə aiddir. Hüquqi şəxslər isə yalnız maddi zərərin ödənilməsini tələb edə bilər. Ödəniş, bir qayda olaraq, pul şəklində həyata keçirilir və məbləğ məhkəmə tərəfindən sübutlarla əsaslandırılmalıdır.


Mülki Məcəllənin 23-cü maddəsinə əsasən, fiziki şəxslər yayılan məlumatların həqiqətə uyğun olmadığını sübut etdirməklə, onların təkzibini və vurulmuş zərərin ödənilməsini tələb edə bilərlər. Bu hüquq marağı olan şəxslərin tələbi ilə zərərçəkənin ölümündən sonra da qorunur.


Bundan əlavə, mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla da ödənilə bilər. Məsələn, yanlış məlumatların təkzib edilməsi və üzr istənilməsi. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları da mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququna malikdir.


Nəticə


İnsan hüquqları, ləyaqət və şəxsiyyətin toxunulmazlığı, cəmiyyətin sağlamlığı üçün vacibdir. Bizim hüquqlarımızı bilmək və qorumaq, özümüzü və başqalarını müdafiə etmək üçün əhəmiyyətlidir. Hər kəsin ləyaqətinə hörmətlə yanaşmalıyıq. Unutmayaq ki, hüquqi sistemimiz, ləyaqətimizi qorumaq üçün var.


İstinadlar:

  1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, maddələr 147, 148 və 148-1.

  2. Azərbaycan Respublikasının Konstitusiyası, maddə 46.

  3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 23.

  4. Ali Məhkəmə Plenumunun 03.11.2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarı.

  5. Avropa İnsan Hüquqları Konvensiyası, maddə 8.

  6. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (BMT, 1966), maddə 17.

  7. İnsan Hüquqları Ümumi Bəyannaməsi (1948), maddə 12.

  8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, maddələr 610, 611, 612.1 və 594-2.0.2.

 
 
 

6 Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Rated 5 out of 5 stars.

Möhtəşəm👏🏻👏🏻

Like
Replying to

Təşəkkürlər!

Like

Rated 5 out of 5 stars.

Mükəmməl

Like
Replying to

Təşəkkür edirəm!

Like

Rated 5 out of 5 stars.

Çox faydalı və mükəmməldir

Like
Replying to

Təşəkkürlər!

Like
bottom of page