top of page
Search

Kişilərin nikaha məcbur edilməsi: Cəmiyyətin inkar etdiyi reallıq

Updated: 3 days ago

Uzun illər cəmiyyətimizdə bir həqiqət var idi ki, demək olar, sorğulanmırdı: evliliyə məcbur edilən tərəf qadındır. Qurban obrazı da, faciənin mərkəzi də yalnız qadın idi. Bu təsəvvürün formalaşmasında tarixi və sosial səbəblər az rol oynamamışdır. Xüsusən XX əsrin sonlarınadək cəmiyyətin ən ağır bəlalarından biri qız qaçırma idi. Daha çox dağlıq və ucqar ərazilərdə bu barbar əməl “kişilik”, “cəsarət”, “adət-ənənə” adı altında legitimləşdirilir, qızların və qadınların həyatı bir anın içində alt-üst edilirdi. Ən acınacaqlısı isə bu zorakılığın evlilik donuna salınması və törədən şəxslərin cəmiyyətdə bəzən hətta “hörmət sahibi” kimi qəbul olunması idi.

Sovet dövrünün Cinayət Məcəlləsində də bu yanaşma dolayısı ilə öz əksini tapmışdır. Qız qaçırma adam oğurluğundan ayrıca cinayət tərkibi kimi nəzərdə tutulur, lakin daha az ictimai təhlükəli əməl kimi qiymətləndirilirdi. Sanksiyalar da bunun açıq göstəricisi idi: eyni mahiyyətli zorakılıq, sadəcə “evlilik məqsədi” ilə törədildikdə daha yüngül cəzaya səbəb olurdu. Qanun sanki deyirdi: bu zorakılığa göz yummaq olar.

Müstəqil Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Qadını nikaha daxil olmağa məcbur etmə” maddəsinin yer alması bu yanaşmadan prinsipial imtina idi. Qanunverici açıq mesaj verirdi ki, evlilik zorakılığı legitimləşdirmir. Burada nikah anlayışı yalnız rəsmi nikahla məhdudlaşmırdı; dini nikah, nişan, söz mərasimi və faktiki ailə münasibətləri də bu anlayışa daxil edilirdi. Üstəlik, qadını nikaha daxil olmaq məqsədilə iradəsinə zidd və ya iradəsinin əleyhinə qaçırma artıq birbaşa Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə, adam oğurluğuna görə cinayət məsuliyyətinin yaranmasına səbəb olur. Lakin 176-1-ci maddənin ciddi bir qüsuru vardı – o, yalnız qadını qurban gözündə görürdü.

Cəmiyyətdə çox az danışılan, bəzən isə açıq-aşkar inkar edilən bir reallıq var ki, kişilər də nikaha məcbur edilə bilirlər. İlk baxışdan absurd səslənə bilər. Axı kişi necə məcbur edilə bilər? Amma hüquq yalnız stereotiplərlə deyil, faktlarla işləməlidir. Praktikada bu məcburiyyət çox zaman fiziki zorakılıqla deyil, psixoloji, sosial və reputasiya təzyiqi ilə həyata keçirilirdi. Yüksək vəzifəli şəxslər “adlarının batmaması”, ictimai nüfuzun qorunması üçün, imkanlı şəxslər isə var-dövlətlərini, bizneslərini, əmlaklarını itirməmək qorxusu ilə evliliyə razı salınırdılar. Bəzən açıq şantaj, bəzən də “ya evlənirsən, ya da hər şeyi itirirsən” dilemması. Lakin bu məsələ ilə bağlı 13 iyul 2024-cü ilədək Cinayət Məcəlləsində heç bir tənzimlənmədən söhbət belə getmirdi. Yəni belə bir situasiyaya məruz qalan kişi cinsinin nümayəndəsinin heç bir hüquqi müdafiə vasitəsi yox idi. Hətta o, hər hansı dövlət orqanına və ya hüquq mühafizə orqanlarına müraciət etsə idi belə, bununla bağlı heç bir tədbir görülə bilmirdi.

Cinayət Məcəlləsinin dövrün tələblərinə uyğun olaraq mütəmadi olaraq təkmilləşdirilməsi siyasətinin həyata keçirilməsi qanunda olan bu boşluğun aradan qaldırılmasına səbəb oldu ki, bu da kifayət qədər təqdirəlayiq olan bir haldır. 13 iyul 2024-cü il tarixində Cinayət Məcəlləsinin 176-1-ci maddəsi yeni redaksiyaya verilmiş, maddənin adı dəyişdirilmişdir. Maddə “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbu etmə” adlandırılmış və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasında öz yerini almışdır. Bununla zərərçəkmiş şəxslərin dairəsi xeyli genişlənmiş və kişi qurbanlar da hüquqi müstəvidə tanınmışdır.

Evlilik müqəddəs institutdur, amma yalnız hər iki tərəfin könüllü razılığı olduqda. Məcburiyyət olan yerdə ailə yox, zorakılıq var. 176-1-ci maddənin yeni redaksiyası gecikmiş olsa da, mühüm bir addımdır: hüquq nəhayət ki, səssiz qurbanları da görməyə başlayır.


İstinadlar;

  1. Azərbaycan Respublikası Cinayət Məcəlləsi, Maddə 144, 176-1

  2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Kommentariyası, Bakı 2024, səh.702-706

  3. Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 28 iyun 2024-cü il tarixli Qanunu, Maddə 2

  4. Azərbaycan Respublikasının Ailə Məcəlləsi, Maddə 10

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page