Polis səlahiyyətlərinin həddi və qanunsuz tələblərə qarşı hüquqi mövqe
- Mahammad Gasimov

- Jan 3
- 3 min read
Cinayətkarlıqla mübarizə, hüquq pozuntularının qarşısının alınması və digər mühüm funksiyaların həyata keçirilməsi zamanı dövlət orqanları geniş səlahiyyətlərə malikdirlər. Bu prosesdə vətəndaşların hüquq və azadlıqlarının qorunması xüsusi əhəmiyyət kəsb edir. Buna görə də hər bir fiziki şəxs öz hüquqlarını bilməli və qanunvericiliyin verdiyi imkanlardan düzgün şəkildə istifadə etməyi bacarmalıdır.
“Polis haqqında” qanuna görə: polis - Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır.
Polis əməkdaşı - polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Sadə dildə desək, polis sözü icra hakimiyyəti orqanını, polis əməkdaşı isə orada vəzifə tutan şəxsləri bildirir. Hamımıza məlumdur ki, polis əməkdaşlarının vəzifələrindən irəli gələn müəyyən səlahiyyətləri var və bu səlahiyyətlərlə yanaşı müəyyən vəzifələrə sahibdirlər. Hər hansı bir polis əməkdaşının səlahiyyətlərinin həddini müəyyən etmək üçün, əvvəla, səlahiyyətlərini öyrənmək lazımdır. “Polis haqqında” qanunun 2-ci fəsli “Polis əməkdaşlarının səlahiyyətləri” adlanır. Bu qanunun 13-cü maddəsinin 3-cü bəndində birbaşa göstərilir ki, hər hansı şəxsə müraciət edərkən polis əməkdaşı adını, soyadını, rütbəsini bildirməli və xidməti vəsiqəsini göstərməklə özünü təqdim etməlidir. Polis əməkdaşlarının hüquq pozuntusu edən şəxslərə bu hərəkətlərə son qoyulmasını, cinayət və ya inzibati xəta törətməkdə şübhəli şəxslərin sənədlərini yoxlamaq, qanunvericilikdə müəyyən edilmiş hallarda belə şəxsləri tutmaq kimi hüquqları da var. Hər bir şəxsin azadlıq, şəxsi toxunulmazlıq, mənzil toxunulmazlığı kimi konstitusion hüquqları vardır və bu hüquqlar qanunla nəzərdə tutulan hallardan başqa pozula bilməzlər. Cinayət Prosesual Məcəllənin 7.0.39-cu maddəsinə əsasən: tutulma - bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsin azadlığını qısa müddətə məhdudlaşdırmaqla onun müvəqqəti saxlanılma yerində saxlanılmasıdır. “Polis haqqında” qanunun 21.2-ci maddəsinə görə: Polis əməkdaşı hər hansı şəxsi o vaxt tuta və ya həbsə ala bilər ki, məhkəmənin (hakimin) qərarında məhz həmin şəxsin azadlıq hüququnun məhdudlaşdırılması nəzərdə tutulsun. Bu qaydadan istisnaya yalnız 3 halda yol verilir:
1) şəxs cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalandıqda;
2) hadisəni bilavasitə görənlər, o cümlədən zərər çəkmiş şəxslər məhz həmin şəxsin cinayət törətdiyini göstərdikdə;
3) şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin izləri tapıldıqda.
Həmin şəxslərə qarşı tutmanın səbəbləri barədə məlumat vermək, onlara qarşı hörmətlə yanaşmaq polis əməkdaşlarının borcudur. Qanunsuz hərəkətlər törətmiş polis əməkdaşları bu hərəkətlərə görə məsuliyyət daşıyırlar. Son olaraq onu da vurğulamalıyıq ki, BMT Hüquq Mühafizə Orqanları Əməkdaşlarının Peşə Fəaliyyəti Məcəlləsində də Hüquq mühafizə orqan əməkdaşlarının insan hüquqlarına hörmətlə yanaşmalı, hərəkətlərinin proporsional olmasının vacibliyi vurğulanmışdır.
1-ci kurs tələbəsi Nicat qız dostu Aysellə parkda oturub söhbət edirdilər. Ayselin verdiyi xoş xəbərdən sevinən Nicat onu səmimi şəkildə qucaqlayır. Bu zaman kənardan 2 polis əməkdaşı bunu görüb onlara yaxınlaşır. Özlərini təqdim etmədən Nicatgildən şəxsiyyət vəsiqələrini tələb edib onlarla birgə bölməyə gəlməli olduqlarını, etdiklərinin ictimai asayişi pozduğunu bildirirlər.
Digər bir situasiyada Murad şəxsi avtomobili ilə 1.11 nişanlanma xəttini ötməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsir. Bir az sonra Murad arxasınca sayrışan işıq və çoxavazlı səs siqnalı qoşmuş yol polisi maşınının gəldiyini görür. Yol Polisi əməkdaşları Muraddan yolun sağ kənarında dayanmağı tələb edirlər. Murad göstərişə əməl edir. Sonra polis əməkdaşları Muraddan onlara yaxınlaşmasını kobudcasına tələb edir. Murad gəldikdə ona: “cərimə yazaq yoxsa, necə edək?” deyirlər.
Bu və buna oxşar bir çox situasiyalarda nə etməli olduğumuza addım-addım baxaq.
1-ci situasiyada əvvəla, Nicat 1) polis əməkdaşlarına müvafiq vəsiqəni göstərməklə özlərini təqdim etməli olduqlarını, 2) hər hansı yazılı göstəriş olmadan bölməyə gəlməyə məcbur olmamalarını, 3) İnzibati Xətalar və Cinayət Məcəlləsində göstərilən halların heç biri olmadığından ictimai asayişi pozmadıqlarını və 4) polis əməkdaşlarının qanunsuz tələblərinə riayət etməli olmadıqlarını, 5) əks-halda bu barədə məhkəməyə müraciət edəcəklərini bildirməlidir.
2-ci situasiyada isə 1) Murad əməkdaşlara yaxınlaşmamalı 2) əksinə onların Murada yaxınlaşmalı olduqlarını, 3) saxlamalarının mahiyyətini izah etməli olmalarını(9) 4) pozuntu törədibsə, bununla bağlı protokol tərtib etmələrini 5) polis əməkdaşlarının protokol tərtib etməkdən kənar hərəkətlərinin qanunsuz olmasını bildirməlidir. 6) Xəta törətmədiyini düşünürsə, protokolu məhkəmə qaydasında mübahisələndirməlidir.(10)
Polis olmasa, xaos baş alıb gedər, lakin polis əməkdaşlarının da qanunsuz hərəkətləri ola bilər. Buna görə də hər bir vətəndaş öz hüquqlarını müdafiə etməyi bilməlidir.
İstinadlar:
1) “Polis haqqında” qanun, maddə 1; 13.2; 17; 21.1; 21.5; 23 (1999)
2) AR Konstitusiyası, maddə 28, 32, 33 (1995)
3) AR Cinayət Prosesual Məcəlləsi, maddə 7, (2000)
4) Code of Conduct of Law Enforcement Officials, article 2, 3, 4 (1979)
5) “Yol-patrul xidməti haqqında Təlimat”ın təsdiq edilməsi barədə qərar, maddə 13 (2017)
6) “Yol hərəkəti haqqında” qanun, maddə 84 (1998)
_edited.jpg)



Comments