Mənəvi zərərin kompensasiyası: Şəxsiyyət hüquqlarının müdafiə mexanizmi
- Laman Alakbarli

- 3 days ago
- 5 min read
Müasir hüquq sistemində şəxsin yalnız əmlak hüquqlarının deyil, həm də şəxsiyyət hüquqlarının qorunması xüsusi əhəmiyyət kəsb edir. Şəxsin şərəf və ləyaqəti, şəxsi toxunulmazlığı, psixoloji sabitliyi və ümumilikdə mənəvi tarazlığı hüquqla qorunan dəyərlər sırasındadır. Bu baxımdan mənəvi zərərin anlayışı, onun yaranma əsasları və kompensasiya mexanizmi mülki hüququn mühüm institutlarından biri kimi çıxış edir.
Şəxsiyyət hüquqlarının toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı konstitusion səviyyədə təminat altına alınmışdır. Dövlət hər kəsin şəxsiyyət hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin IX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.
Qeyd edilməlidir ki, qanunverici bəzi hallarda mənəvi ziyanın ödənilməsini xüsusi sahəvi qanunlarda nəzərdə tutur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanun”un 12-ci maddəsinə görə, istehlakçının qanunla qorunan hüquqları pozulduqda və bu pozuntu nəticəsində ona mənəvi zərər dəydikdə, həmin zərər təqsirli şəxs tərəfindən ödənilməlidir. Məsələn, İstehlakçı tibbi məqsədlə istifadə üçün nəzərdə tutulan sertifikatlı ortopedik məhsul alır. Satıcı məhsulun keyfiyyət və təhlükəsizlik standartlarına uyğun olduğunu bildirir. Sonradan məlum olur ki, məhsul saxta sertifikatla satılmış və istifadəsi nəticəsində istehlakçının səhhətində ağırlaşma yaranmışdır.
Ailə Məcəlləsinin 28.6-cı maddəsinə əsasən, nikahın etibarsız sayılması nəticəsində zərər çəkmiş tərəf ona vurulmuş maddi və ya mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Burada aldadılma faktı və ailə münasibətlərinin qurulmasına dair legitim gözləntilərin pozulması mövcuddur. Bu isə şəxsin ləyaqətinə və şəxsi həyatına müdaxilə xarakteri daşıyır. Təsəvvür edək ki, şəxs nikaha daxil olarkən qarşı tərəf özünün dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını gizlədir. Sonradan nikah etibarsız sayılır. Aldadılmış tərəf həm maddi zərərə (toy xərcləri və s.), həm də mənəvi sarsıntıya məruz qalır. Bu halda həmin şəxs mülki qanunvericiliklə müəyyən edilmiş qaydada vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edə bilər.
Lakin ictimai münasibətlərin çoxaspektliyi və zaman ilə bu münasibətlərin daha da mürəkkəbləşdiyi nəzərə alınarsa, mənəvi zərər yetirilə biləcək ictimai münasibətlərin dairəsinin və kompensasiyanın ödənilməsi əsaslarının qanunvericilik ilə tam əhatə olunması qeyri-mümkündür.
Mənəvi zərər fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi mənəvi sarsıntı və ya iztirab kimi xarakterizə olunur. Bu zərər maddi itki ilə ölçülməyən, şəxsin daxili psixoloji vəziyyətinə təsir edən mənfi nəticələrdən ibarətdir. Mənəvi zərərin iki əsas forması fərqləndirilir:
Mənəvi sarsıntı - stress, qorxu, qəzəb, alçalma, utanc, məyusluq və digər mənfi emosional hallar kimi, lakin iztirab səviyyəsinə çatmayan psixoloji narahatlıqdır;
Mənəvi iztirab - daha ağır xarakter daşıyaraq uzunmüddətli fiziki ağrı, sağlamlığın pozulması, depressiya və digər psixi əzablarla müşayiət olunan vəziyyətdir.
Mənəvi zərərə görə kompensasiya isə zərərçəkmiş şəxsin pozulmuş psixoloji balansının bərpasına, onun həyat keyfiyyətinin və yaşama motivasiyasının yenidən formalaşdırılmasına yönəlmiş hüquqi vasitədir. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmadıqda mülki prosesual normaların tətbiqinə yol verilir. Məsələn, şəxsə qarşı qəsdən sağlamlığa az ağır zərər vurulmuşdur. Zərərçəkmiş cinayət işi çərçivəsində yalnız müalicə xərclərinin deyil, həm də keçirdiyi fiziki ağrı və psixoloji iztirablara görə mənəvi zərərin ödənilməsini tələb edir. Bu halda Mülki iddia cinayət işi üzrə icraat zamanı təqdim edilir.
Şəxsiyyət hüquqlarının pozulması həm maddi, həm də mənəvi zərərə səbəb ola bilər. Bununla yanaşı, bəzi hallarda əmlak hüquqlarının pozulması da dolayısı ilə mənəvi zərər yarada bilər. Bu, xüsusilə aşağıdakı hallarda mümkündür:
zədələnmiş və ya məhv edilmiş əşyanın xüsusi mənəvi və ya xatirə dəyərinin olması;
əmlak üzərində hüquq pozuntusunun şəxsin şəxsi həyatına, təhlükəsizliyinə və ya yaşayış hüququna müdaxilə ilə nəticələnməsi.
Şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ailə xatirələri, fotoalbomlar, antik sənət əsərləri və ya ailə üçün xüsusi əhəmiyyət kəsb edən yaşayış yerinin itirilməsi bu qəbildən olan hallara nümunədir. Bundan əlavə, ev heyvanlarının və ya həyətyanı bitkilərin məhv edilməsi zamanı onların sahibi ilə emosional bağlılıq dərəcəsi də mənəvi zərərin mövcudluğunu əsaslandıra bilər. Əlavə olaraq qeyd edilməlidir ki, ölənin yaxınının mənəvi təzminat tələbi ailə başçısını itirməyə görə zərərin əvəzi tələbi ilə eyniləşdirilməməlidir. Belə ki, Mülki Məcəllənin 1121-ci maddəsi ilə tənzimlənən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır. Həmin Məcəllənin. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir.
Mənəvi təzminatın əsas məqsədi iki istiqamətdə özünü göstərir:
Zərərçəkmiş şəxsin pozulmuş mənəvi tarazlığının bərpası;
Zərərvuran şəxsin gələcəkdə oxşar hüquqazidd əməllərdən çəkindirilməsi.
Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Bu baxımdan təyin olunan məbləğ nə simvolik və əhəmiyyətsiz, nə də əsassız şəkildə yüksək olmalıdır. Təzminatın məbləği ədalətlilik və mütənasiblik prinsipləri əsasında müəyyən edilməli, tərəflər arasında balans qorunmalıdır. Eyni hüquqazidd əmələ görə mənəvi zərərin kompensasiyası, bir qayda olaraq, bütün məlum və proqnozlaşdırıla bilən nəticələr nəzərə alınmaqla birdəfəlik həyata keçirilir. Yalnız sonradan əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan ağır nəticələr baş verdikdə əlavə tələb irəli sürülə bilər. Şəxsiyyət hüquqlarının pozulması hallarında məhkəmə aşağıdakı müdafiə vasitələrini tətbiq edə bilər:
hüquq pozuntusunun təsbit edilməsi;
pozuntunun dayandırılması və ya aradan qaldırılması;
həqiqətə uyğun olmayan məlumatların təkzibi və ya silinməsi;
məlumatlara düzəliş edilməsi və ya cavab verilməsi;
məhkəmə qərarının mediada dərc edilməsi;
maddi və mənəvi təzminatın ödənilməsi.
Bəzi hallarda pozuntunun aradan qaldırılması özü də mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər və əlavə pul təzminatına ehtiyac qalmaya bilər.
Üzr istənilməsi isə yalnız qanunla xüsusi nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər və şəxsin iradəsinə zidd olaraq üzr istəməyə məcbur edilməsi yolverilməzdir. Mənəvi təzminatın məbləğinin müəyyən edilməsində vahid standart mövcud deyil. Məhkəmələr hər bir iş üzrə fərdi qiymətləndirmə apararaq aşağıdakı meyarları nəzərə alırlar:
pozulmuş şəxsiyyət hüququnun növü;
hüquqazidd əməlin xarakteri və ağırlıq dərəcəsi;
mənfi təsirin müddəti və nəticələri;
zərərçəkənin yaşı, sağlamlıq vəziyyəti, psixoloji həssaslığı və sosial statusu;
hadisənin onun həyat tərzinə təsiri;
zərərvuranın davranışı və maddi vəziyyəti.
Eyni hadisə müxtəlif şəxslərə fərqli təsir göstərə bilər. Məsələn, uşaqlar, yaşlılar, hamilə qadınlar və ya psixoloji baxımdan həssas şəxslər daha ağır mənəvi zərərə məruz qala bilərlər.
Bununla yanaşı, zərərvuranın hadisədən sonra könüllü şəkildə nəticələri aradan qaldırmağa çalışması da təzminatın həcminə təsir edən amillərdən biri hesab olunur.
Mənəvi zərər institutu şəxsin daxili dünyasının və insan ləyaqətinin hüquqi müdafiəsini təmin edən mühüm mexanizmdir. Bu institutun əsas məqsədi yalnız zərərin maliyyə ifadəsində kompensasiyası deyil, həm də sosial ədalətin bərpası və hüquqazidd davranışların qarşısının alınmasıdır. Məhkəmələrin hər bir konkret iş üzrə fərdi yanaşma tətbiq etməsi, zərərin xarakterini və tərəflərin xüsusiyyətlərini nəzərə alması mənəvi təzminatın effektivliyini və ədalətliliyini təmin edən əsas şərt kimi çıxış edir
İSTİNADLAR:
Azərbaycan Respublikasının Konstitusiyası, 24 və 26-cı maddələr
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyasına dair məhkəmə təcrübəsi haqqında” qərarı №20, “24” dekabr 2025-ci il
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il qərarı
“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il qərarı
_edited.jpg)



Comments