top of page
Search

Övladlığa götürmə: Hüquqi prosedur və ailə mühiti

Konstitusiyamızda ailə cəmiyyətin özəyi kimi təqdim olunmuşdur. Aydın cəmiyyəti aydın ailələr yaradır. Uşaqlar isə bu aydın ailələrin ən parlaq üzvləridir. Dövlətlər müxtəlif səbəblərdən ailəsi olmayan uşaqların hüquqları qoruyur, onları himayə edir, ehtiyaclarını ödəyir, onları isti yuvadan məhrum etmir. Bəs bu uşaqları övladlığa hansı qaydalarla götürmək olar və övladlığa uşaq götürüldükdə məhkəmələr hansı addımları atır?

Övladlığa götürmə proseduru AR Ailə Məcəlləsinin 118-ci maddəsində öz əksini tapmışdır. Belə ki, övladlığa götürmənin 3 prosesi var: 1) övladlığa götürmək istəyən şəxsin uçota alınması; 2) övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi; 3) övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi. Prosesin gedişatında ailənin övladlığa götürmə prosesinə hazırlığı, uşağa rəftarı, uşağı hər cəhətdən təmin edə bilməsi məsələləri əhəmiyyət daşıyır və ciddi şəkildə yoxlanılır. Uşaq övladlığa verildikdən sonra da uşağın sağlamlığı, həyat şəraiti dövlətin maraq dairəsində olur. Müvafiq icra hakimiyyəti orqanı övladlığa götürülən uşaq 18 yaşına çatanadək uşağın ailədəki vəziyyəti, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə övladlığa götürmənin birinci ilində rübdə bir dəfə, növbəti illərdə ildə bir dəfədən az olmayaraq monitorinq aparır. Uşağın ailəyə uyğun olmasına məhkəmələr diqqət yetirir. Belə ki, övladlığa götürənin davranışından asılı olan və olmayan hallara görə uşağın normal inkişafı və tərbiyəsi üçün zəruri olan münasibətlər yaranmadıqda (məsələn, övladlığa götürənin və ya götürülənin şəxsi keyfiyyətləri ilə əlaqədar övladlığa götürənin uşağın gözündə nüfuza malik olmaması və ya uşağın özünü övladlığa götürənin ailə üzvü hiss etməməsi və s.) məhkəmə övladlığa götürməni ləğv edə bilər.

Uşaq övladlığa verilərkən 10 yaşına çatmış uşaqların məhkəmə prosesində iştirakı təmin edilir. Bu uşağın maraqlarının təmin edilməsi ilə bilavasitə əlaqədardır ki, məhkəmə eyni zamanda məhkəmə prosesinin uşağa mənfi təsirlərini də nəzərə alır. Hər bir işdə uşaqların hüquq və mənafelərinin təmin olunması məqsədilə onlar iş ilə bağlı zəruri informasiya alır, mənafelərinə toxunan ailə münasibətləri məsələləri üzrə məhkəmə prosesində öz hüquqlarını həyata keçirmək imkanına malik olur, onların fikirləri nəzərə alınır və uşaqların hüquqları və yüksək mənafeyi təmin edilir. Məsələn, bacı-qardaşları məhkəmə bir-birindən ayırmır, onların fərqli şəxslər tərəfindən övladlığa götürülməsinə mane olur.

Övladlığa götürmənin qorunan sirrinin mühafizəsi məqsədilə övladlığa götürmə barəsində məhkəmə qətnaməsi qapalı iclasda elan olunur. Məhkəmə qətnaməsində göstərilməsi şərti ilə uşaq 1 yaşına çatana qədər doğum tarixi 3 aydan çox olmayaraq dəyişdirilə, doğum yeri də övladlığa götürülmənin gizli saxlanılması məqsədilə dəyişdirilə bilər.

Beləliklə, dövlət uşaqları qoruyur, onların övladlığa götürülməsi prosesi üçün xüsusi və hərtərəfli prosedur və qaydalar yaradır. Biz də öz qaydamızda ümid edirik ki, hər bir uşağın həyatı günəştək parlaq, səmatək aydın olar!

İstinad olunan mənbələr:

1. Azərbaycan Respublikası Konstitusiyası (12 oktyabr 1995; maddə 17)

2. Azərbaycan Respublikası Ailə Məcəlləsi (28 dekabr 1999; maddə 118, 119, 125, 126)

3. Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.10.2009-cu il tarixli qərarı  (maddə 6, 7)

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page