Yetkinlik yaşına çatmayan şəxslərin cinayət məsuliyyəti
- Zahra Jafarli

- Dec 20, 2025
- 2 min read
Updated: Dec 21, 2025
Son illərdə yeniyetmələrin cinayətkarlığı mövzusu yalnız hüquqşünaslar tərəfindən deyil, həmçinin pedaqoqlar, psixoloqlar və digər mütəxəssis və ekspertlər tərəfindən də müzakirə olunur. Buna səbəb isə xüsusilə, son illərdə yetkinlik yaşına çatmayan şəxslərin cinayətkarlığa meyilliyinin artmasıdır. Bəs yetkinlik yaşına çatmayan şəxslərlə bağlı hüquqi yanaşma necədir və törədilmiş əmələ görə yaranan cinayət məsuliyyət necə tənzimlənir?
Cinayət məsuliyyəti - şəxsin törətdiyi cinayət əməlinə görə qanun dövlət tərəfindən tətbiq olunan məcburi tədbirləri özündə ehtiva edir (cəzaları və ya digər tədbirləri). Sadə dildə desək, bu, cinayət əməlindən sonra yaranan hüquqi nəticədir və dövlət adından cəzanın tətbiqi ilə ifadə olunur.
Yetkinlik yaşına çatmayan şəxslərin cinayət məsuliyyəti dedikdə, cinayət törədildiyi vaxt on səkkiz yaşına çatmamış şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş yaş həddinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsi başa düşülür. CM-nin 20-ci maddəsinə əsasən, cinayət məsuliyyəti ümumi qayda olaraq 16 yaşdan, xüsusi hallarda isə 14 yaşdan yaranır.
AR-nın Cinayət Məcəlləsində cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi göstərilir. Beləki CM-nin 20.1-ci maddəsinə əsasən “cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir”.
Lakin CM-nin 20.2-ci maddəsində 14 yaşdan cinayət məsuliyyətinə cəlb etməyə imkan verən cinayət tərkibləri göstərilibdir. Bunlar qəsdən adam öldürmə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurma, adam oğurlama, zorlama, seksual xarakterli zorakılıq hərəkətləri, oğurluğ, soyğunçuluğ, quldurluğ, hədə-qorxu ilə tələb etmə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etmə və ya zədələmə, terrorçuluğ, adamları girov götürmə ağırlaşdırıcı hallarda xuliqanlığ, odlu silah, döyüş sursatı, partlayıcı maddələri və qurğuları talamağ və ya hədə-qorxu ilə tələb etmək, narkotik vasitələri və ya psixotrop maddələri talamağ və ya hədə-qorxu ilə tələb etmə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmaqdır
Yaş həddinin müəyyən edilməsinin əsas məqsədi — yetkinlik yaşına çatmayan şəxsin şüur səviyyəsi, baş verənləri dərk etmə və buna uyğun davranma qabiliyyəti ilə bağlıdır. Buna görə də hələ bu qabiliyyətə malik olmayan azyaşlılar cinayət subyekti hesab edilmir.
CM-nin 85-ci maddəsinə əsasən “Yetkinlik yaşına çatmayanlara təyin edilən cəza növləri” aşağıdakılardır: cərimə; ictimai işlər; islah işləri; müəyyən müddətə azadlıqdan məhrum etmə.
· Cərimə - CM-nin 85.2-ci maddəsinə görə, cərimə yalnız yetkinlik yaşına çatmayan şəxsin gəliri və ya əmlakı olduqda tətbiq oluna bilər; bu halda məhkəmə cəzanı tərbiyəvi xarakterli məcburi tədbirlərlə əvəz edə bilər.
· İctimai işlər - CM-nin 85.1.3-cü maddəsində yetkinlik yaşına çatmayanlara tətbiq edilən cəza növlərindən biri kimi nəzərdə tutulur.
· İslah işləri - həmçinin CM-nin 85.1.4-cü maddəsində qeyd olunmuşdur.
· Müəyyən müddətə azadlıqdan məhrum etmə - CM-nin 85.1.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara tətbiq oluna bilər.
Bundan əlavə, CM-nin 87-88-ci maddələrində qeyd olunduğu kimi, tərbiyəvi xarakterli məcburi tədbirlər (məsələn, xəbərdarlıq, nəzarət, xüsusi müəssisəyə verilmə və s.) cəza əvəzinə və ya onunla birlikdə tətbiq edilə bilər.
Nəticə etibarilə, yetkinlik yaşına çatmayan şəxslərin cinayət məsuliyyəti institutu cəza yönümlü deyil, tərbiyə və reabilitasiya yönümlü olmalıdır. Qanunvericilik bu imkanı yaratsa da, praktikada humanist yanaşmanın gücləndirilməsinə ehtiyac qalmaqdadır.
#CinayətHüququ#YetkinlikYaşınaÇatmayanlar#AzərbaycanQanunvericiliyi#UşaqHüquqları#CinayətMəsuliyyəti
İstinadlar
· Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, maddə 20, 85, 87, 88
· Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin kommentariyası, Bakı-2018
_edited.jpg)



Comments