top of page
Search

Qeydiyyatsız evlərin qeydiyyatı: Daşınmaz əmlakın dövlət reyestrinə alınması qaydası və hüquqi nəticələri

Hazırda Azərbaycanda illərlə istifadə olunan, lakin dövlət qeydiyyatında olmayan minlərlə yaşayış evi mövcuddur. Bu cür evlərin dövlət qeydiyyatına alınmaması sahiblərinin həmin evlərə mülkiyyət hüququnu risk altına alır, bununla yanaşı bu cür evlərin satılması, ipotekaya qoyulması, miras verilməsi, ümumi mülkiyyətdə olan əmlakın bölünməsi zamanı tərəflər arasında əmlak payının müəyyən edilməsində və s. kimi məsələlərdə də müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Bu səbəbdən, qeydiyyatsız evlərin dövlət reyestrinə daxil edilməsi üçün qanunvericiliklə nəzərdə tutulan hüquqi prosedurlar mühüm əhəmiyyət kəsb edir.

Evlərin qeydiyyata alınması prosesi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunla tənzimlənir. Mövcud qanunun 12-ci maddəsində dövlət qeydiyyatının rəsmiləşdirilməsi təsbit olunmuşdur. Həmin maddənin 1-ci hissəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, həmin qanunun 12-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti oqranı” və “qeydiyyat orqanı” səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir.

Daşınmaz əmlakını dövlət qeydiyyatına aldırmaq istəyən şəxs Əmlak Məsələləri Dövlət Xidmətinə və yaxud Asan Xidmətə verdiyi ərizə ilə bərabər torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənədi təqdim etməlidir. Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Qeydiyyat orqanı bu qanunun  ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsi və müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Hüquq sahibinin istəyi əsasında çıxarış kağız formada təqdim olunur, yaxud elektron imza ilə təsdiqlənməklə “Elektron Hökumət” portalında yerləşdirilərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanı təmin olunur.

Qeydiyyatsız evlərin hüquqi dövriyyəyə cəlb olunması yalnız vətəndaşların mülki hüquqlarının mülki hüquqlarının müdafiəsi baxımından deyil, həm də dövlətin əmlak uçotu və şəhərsalma siyasətinin səmərəli həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İstinad:

1. ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR qanunu, maddə 9; 10; 11; 12

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page