Məhkəmə prosesində telefon danışıqları: Qəbul edilən sübut, yoxsa yox?
- Nihad Malikov

- Aug 24
- 2 min read
Məhkəmə prosesləri ilə bağlı cəmiyyəti ən çox maraqlandıran suallardan biri telefon danışıqlarının sübut hesab oluna bilib-bilməməsi ilə bağlıdır. Bu cür hallar xüsusən əqdlərlə bağlı mübahisələrdə əhəmiyyət daşıyır. Bu yazıda məhz telefon danışıqlarının hansı hallarda sübut hesab oluna bilməsindən bəhs ediləcək.
İlkin olaraq, sübutun nə demək olduğunu müəyyənləşdirib, daha sonra mövzunun dərinliyinə enmək lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, sübutlar tərəflərin tələb və etirazlarını əsaslandıran və işi düzgün həll etmək üçün əhəmiyyəti olan halların mövcud olduğunu və ya olmadığını müəyyən edərkən məhkəmənin əldə etdiyi məlumatlardır.
Qeyd etmək lazımdır ki, nəinki telefon danışıqlarının, istənilən sübutun işin həllində əhəmiyyət daşıya bilməsi üçün o, qanuni yolla əldə edilmiş olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli Plenum Qərarındakı bəzi yanaşmalarla tanış olmaq mövzunun mahiyyətini dərk edə bilmək üçün çox faydalı ola bilər. Qərarda qeyd olunur ki, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Odur ki, şəxsin razılığı olmadan və ya etirazına baxmayaraq yazılmış səs yazısı məhkəmədə sübut kimi istifadə oluna bilməz. Lakin nəzərə almaq lazımdır ki, bir sıra hallarda şəxslər arasındakı danışıq gizli xarakter daşımır və sübut kimi əldə olunması və istifadə olunması qarşısında maneə olmur. Məsələn, bir şəxs özünə borcu olan başqa birinin bu borc münasibətləri barəsində telefon danışığını, etirafını qeydə ala və məhkəməyə sübut kimi təqdim edə bilər. Çünki ikisi arasında olan söhbətdə danışılanlar tərəflərin öz istəyi ilə, məcburetmə olmadan əldə edilən məlumatları əhatə edir. Lakin bir şəxs digər iki nəfər arasındakı dialoqdan onların başqasına eşitdirmək istəmədikləri danışığı qeydə ala bilməz.
Adıçəkilən Plenum Qərarındakı bu fikirlər də yuxarıda qeyd olunanlara haqq qazandırır: “Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”.
Qısaca, tərəflərin öz aralasındakı danışıqlar onlar üçün sirr deyildir və sübut kimi qanuni yolla əldə oluna bilir. Odur ki, bu cür telefon danışıqlarının sübut kimi əldə edilməsi və istifadəsi olunması pozuntu hesab olunmur.
1. Azərbaycan Respublikası Konstitusiyası
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
3. Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli Plenum Qərarı
4. Fərhad Mehdiyev, Emin Quliyev -- “Hüquq nəzəriyyəsi” dərsliyi, 2023
_edited.jpg)



Comments