İşsizliyə görə sığorta ödənişi necə təyin olunur?
- Ceyran Bayramova

- 2 days ago
- 3 min read
İşsizlikdən sığorta ödənişinin məqsədi sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.
İşsizlikdən sığorta ödənişi yalnız işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində haqq ödənilməklə çalışan işçilərə şamil olunur. İşsizlikdan sığorta məcburidir. Yəni hər işçinin əməkhaqqından avtomatik tutulur. İşsizliyin davamlılığından asılı olaraq sığorta ödənişinin məbləği differensiallaşdırılır, yəni fərqli məbləğdə təyin edilir.
Sığorta ödənişini almaq hüququna "Məşğulluq haqqında" AR qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş şəxslər malikdir:
· dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə;
· işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə:
· əmək müqaviləsinin müddəti qurtardıqda;
· müəssisənin mülkiyyətçisi dəyişdikdə;
· əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanunı qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda;
· əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə
Minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı, yəni Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.
Sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz.
Sığorta ödənişi aşağıdakı qaydada təyin olunur:
1. İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödanışının məbləğindən az olmayaraq ödənillır:
· 1-2-ci təqvim ayları üçün -100 faiz
· 3-4-cü təqvim ayları üçün - 80 faiz
· 5-6-cı təqvim ayları üçün - 70 faiz
2. Dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, işçilərin və ya dövlət orqanlarının sayı və ya ştatları ixtisar edildikdə, müəssisənın mülkiyyətçisi dəyişdikdə, əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə - bu hallarda işçi işdən azad olduqda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə sığorta ödənişi sığorta stajından asılı olmayaraq itirilmiş orta aylıq əmək haqqının 50%-i məbləğində ödənilir. Məsələn, 400 manat maaş alan işçinin vəzifəsinə müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılan əməkdaş geri qayıtdıqda bu zaman ona işsizlikdən sığorta 200 manat ödənilir
3. Yuxarıda qeyd olunan hallarda işçi işdən azad olduqda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə sığorta ödənişi minimum sığorta ödənişi məbləğində ödənilir.
4. Əmək müqaviləsinin müddəti qurtardıqda, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verildikdə sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli minimum sığorta ödənişi məbləği ödənilir.
İşsizlikdən sığorta ödənişini almaq üçün şəxs Dövlət Məşğulluq Agentliyinın yerli qurumları və ya "DOST" Mərkəzlərində işsiz kimi qeydiyyata alınmalıdır. Daha sonra şəxs sığorta ödənişi almaq üçün Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına müraciət edir və şəxsin müraciətinə 10 gün ərzində baxılaraq sığorta ödənişinin təyin edilməsi və ya təyin edilməsindən imtina ilə bağlı cavab verilir.
İstinadlar
1) Azərbaycan Respublikası Əmək Məcəlləsi, maddə 68, 73
2) “Məşğulluq haqqında” AR Qanunu, 29 iyun 2018, maddə 5
3) “İşsizlikdən sığorta haqqında” AR Qanunu, 30 iyun 2017, maddə 13. 14, 17
_edited.jpg)



Comments