top of page
Search

İnzibati icraatda üçüncü şəxslər: Hüquqi statusu və əhəmiyyəti

Təsəvvür edin ki, sizə Müdafiə Nazirliyi tərəfindən əlillik təyin olunmalı və bunun əvəzi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sizə müəyyən qədər ödəniş həyata keçirməlidir. Siz bununla əlaqədar cavabdeh qismində Müdafiə Nazirliyini göstərməklə məhkəməyə müraciət edirsiniz. Lakin, ƏƏSM Nazirliyi etirazla müraciət edir ki, sözügedən məsələ onun da maraqlarına toxunduğundan icraata cəlb olunmalıdır. Bəs, bu məsələ qanunvericiliklə necə tənzimlənir? Nəyə görə məhkəmə icraatında üçüncü şəxslərə ehtiyac duyulur? Beləliklə, mövzumuz hazırda da çox müzakirə olunan, inzibati icraatda üçüncü şəxslər institutu ilə bağlıdır.

Məhkəmə tərəfindən qəbul edilən qərar adətən tərəflərlə bağlı olsa da, bəzi hallarda qəbul edilən məhkəmə aktı tərəflərlə yanaşı digər şəxslərin də qanunla qorunan hüquq və mənafelərinə toxuna bilir. Ədalətli məhkəmə araşdırması hüququ hüquq və mənafelərinə toxunulan hərkəsin icraata cəlb edilməsini tələb edir. Mülki məhkəmə icraatından fərqli olaraq, inzibati məhkəmə icraatında hər hansı bir şəxsin üçüncü şəxs qismində cəlb edilib-edilməyəcəyinə məhkəmə tərəfindən qərar verilir.

İnzibati məhkəmə icraatında üçüncü şəxslər iki yerə bölünür: adi və zəruri cəlb edilənlər. İPM-in 28.1-ci maddəsinə görə, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. 28.2-ci maddədə isə zəruri cəlb etmənin tərifi verilərək bildirilir ki, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir.

Göründüyü kimi, adi cəlb etmədə qanunverici üçüncü şəxs qismində cəlb etməni hakimin diskresion səlahiyyətinə buraxır, lakin zəruri cəlb etmədə hakimin belə bir səlahiyyəti yoxdur. Yəni, əgər icraatda zəruri cəlb etmə halı mövcud olub, ancaq adi qaydada cəlb edilibsə, bu hal həmin məhkəmə qərarının ləğv edilməsi üçün əsasdır.

Nümunə: A və B adlı şəxslər qonşudurlar. A özünə məxsus torpaq sahəsində ev inşa etmək istəyir lakin müvafiq orqan icazə sənədini verməkdən imtina edir. Bununla bağlı A adlı şəxs məhkəməyə müraciət edir. Bu situasiyada B adlı şəxs hansı hallarda icraata cəlb oluna bilərdi? Əgər B-nin hər hansı bir maddi hüquq normasından irəli gələn marağı yaranmış olsaydı, məhkəmə B adlı şəxsi adi qaydada cəlb edilən üçüncü şəxs kimi icraata cəlb edə bilərdi. Lakin, zəruri cəlb etmə olmayacaqdır, çünki mövcud situasiyada B-nin hüquqi vəziyyətinə birbaşa təsir edəcək hal yoxdur.

Nümunə: A və B adlı şəxslər qonşudurlar. A özünə məxsus torpaq sahəsində tikinti aparmaq üçün müvafiq icra hakimiyyəti orqanından icazə alıb. Lakin, B adlı şəxs bu icazənin qanunsuz olduğunu deyərək məhkəməyə müraciət edir. Bu situasiyada A adlı şəxs icraata cəlb olunmalıdırmı? Bəli, çünki, əgər B adlı şəxsin iddiası məhkəmə tərəfindən təmin olunarsa, A adlı şəxsə verilmir tikintiyə icazə sənədi ləğv olunacaq və A-nın mövcud hüquqi statusu ləğv olunacaq. Beləliklə, ikinci situasiyada məhkəmə A adlı şəxsi mütləq şəkildə zəruri cəlb etmə qaydasında icraata cəlb etməli idi.

Digər bir sual icraata üçüncü şəxs qismində cəlb etmənin nə zaman həyata keçirilə biləcəyi ilə bağlıdır. İş məhkəmənin icraatında olduğu bütün dövr ərzində, yəni ərizə məhkəmə dəftərxanasına daxil olduğu andan yekun məhkəmə aktı çıxarılan ana qədər icraata cəlb etmə həyata keçirilə bilər.  Bu məqamda da qanunverici adi və zəruri cəlb etmə şəraitinə görə cəlb etmə anında bir qədər fərqləndirmə aparır.  Məsələn, iddia ərizəsi məhkəmə daxil oldu, bununla bağlı bir inzibati məhkəmə icraatı aparıldı və birinci instansiya məhkəməsi tərəfindən müəyyən qərar çıxarıldı. Bu ana qədər üçüncü şəxslər həm adi həm də zəruri cəlb etmə qaydasında icraata qoşula bilərlər. Lakin, bu andan sonra yekun məhkəmə aktının qanuni qüvvəyə minməsi üçün qanunvericilik 30 günlük bir müddət nəzərdə tutur. Həmin müddət ərzində isə yalnız zəruri cəlb etmə qaydasında icraata qoşulacaq şəxslər məhkəmə icraatına cəlb edilə bilər. Belə olan halda adi qaydada cəlb etmə halı müəyyən olunsa belə, mümkün olmayacaq.

Beləliklə, əgər bir məhkəmə aktının çıxarılması nəticəsində şəxsin hüquqi statusu yaranır, hüquqi statusunda dəyişiklik baş verir və ya hüquqi statusu ləğv edilirsə, deməli, o məhkəmə qərarı həmin şəxsə birbaşa təsir edir və o şəxs mütlət zəruri cəlb etmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilməlidir. Sadalanan halların heç biri yoxdur, lakin, yenə də hər hansı bir şəxsin qanunla qorunan maraqlarına toxunma halı varsa, bu halda da həmin şəxs adi cəlb etmə qaydasında icraata cəlb edilməlidir.


Istinadlar:

İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair qərardad, 17.02.2022

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page