top of page
Search

İfadə azadlığı və nifrət nitqi: Hüquqi sərhəd harada başlayır?

Bəzən şəxslərin ifadə azadlığı hüququ ilə əlaqələndirərək söylədikləri müxtəlif sözlər və ya fikirlər ictimaiyyət üçün təhlükə, məhrumetmə və ya nifrətə çağırış xarakterli ifadələr ola bilər. Təsəvvür edin ki, sosial mediada bir şəxs yazır: “Bu ölkədə yaşayan [etnik/dini/ictimai] qrup ölkəni dağıdır, onların ölkədə yeri yoxdur!”

Sual yaranır: bu dağıdıcı fikir ifadə azadlığının tərkib hissəsidir, yoxsa artıq cəza-öhdəliyi yaradan nifrət nitqinə çevrilir? Bəs, bu haqda hüquq nə deyir?

Bu sualın cavabını verməzdən əvvəl, gəlin ifadə azadlığı və nifrət nitqi anlayışlarını hüquqi baxımdan fərqləndirək.

Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı vardır. Lakin həmin maddənin 3-cü hissəsində göstərilir ki, irqi, milli, dini və sosial ədavəti və nifrəti yaymaq qadağandır. Bu, o deməkdir ki, ifadə azadlığı məhdudiyyətsiz deyil və digər şəxslərin hüquq və azadlıqları ilə toqquşduğu anda hüquqi çərçivəyə salınır.

Beynəlxalq hüquq da bu yanaşmanı dəstəkləyir. Məsələn, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ifadə azadlığını tanıyır, amma bu azadlığın “ictimai təhlükəsizlik, əxlaq və başqalarının hüquqlarının qorunması” məqsədilə məhdudlaşdırıla biləcəyini də göstərir. Avropa Məhkəməsinin bir çox qərarlarında da vurğulanır ki, ifadə azadlığı “nifrətə çağırış”a çevrilərsə, artıq qorunan hüquq olmur.

İndi isə real praktikaya qayıdaq. Təsəvvür edin ki, bir nəfər sosial mediada müəyyən etnik qruplara qarşı ardıcıl şəkildə mənfi ifadələr işlədir: “Bu xalq iş tapa bilmir, çünki tənbəldirlər, ölkədə artıqdırlar.” Belə bir yazı barədə hüquq-mühafizə orqanlarına şikayət daxil olduqda, orqanlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsinə əsasən araşdırma aparır. Həmin maddəyə görə, irqi, dini, etnik düşmənçiliyi salmağa yönəlmiş hərəkətlər cinayət məsuliyyəti yaradır.

Məsələ burasındadır ki, ifadənin harada bitdiyi və nifrətin harada başladığını müəyyənləşdirmək bəzən çox çətindir. Məhz bu qeyri-müəyyənlik səbəbindən beynəlxalq hüquqi mexanizmlər nifrət nitqinin sərhədlərinin daha aydın müəyyən olunması üçün bəzi konkret meyarlar təqdim ediblər. Bu baxımdan ən əhəmiyyətli sənədlərdən biri BMT-nin Rabat Fəaliyyət Planıdır.

Rabat Planı ifadə azadlığı ilə nifrət nitqi arasında sərhədi müəyyən etmək üçün altı meyardan ibarət “sərhəd testi” (threshold test) təklif edir. Bu testin məqsədi odur ki, bir ifadənin cinayət xarakteri daşıyıb-daşımadığını daha obyektiv şəkildə müəyyənləşdirmək mümkün olsun.

Bu meyarlar aşağıdakılardır:

1. Kontekst: İfadə hansı ictimai, siyasi və tarixi şəraitdə deyilib? Məsələn, gərgin dövrdə edilən çağırışlar daha təhlükəli ola bilər.

2. Danışanın mövqeyi: İfadəni səsləndirən şəxs və ya təşkilatın cəmiyyətdəki nüfuzu və auditoriyaya təsir imkanları nə qədər güclüdür?

3. Niyyət: Sözün arxasında nifrət və ya zorakılığa təhrik məqsədi olub-olmaması müəyyən edilməlidir. Sadəcə fikir bildirmək kifayət etmir; burada niyyət mühüm rol oynayır.

4. Məzmun və forma: İfadənin dili nə qədər aqressiv və ya provokativdir? Təhqir və ya zorakılıq çağırışı açıq şəkildə yer alırmı?

5. Yayılma dairəsi: İfadə geniş ictimaiyyətəmi yayılıb? Sosial şəbəkədəki paylaşım neçə nəfərə çatıb və nə qədər təsir gücünə malikdir?

6. Ehtimal və təcili risk: Bu ifadə real şəkildə ayrı-seçkiliyə, zorakılığa və ya ictimai təhlükəyə səbəb ola bilərmi? Yəni nəticənin baş vermə ehtimalı nə qədər yüksəkdir?

Bu meyarlar birgə tətbiq edildikdə, hüquq-mühafizə və məhkəmə orqanları ifadənin sadəcə sərt fikir olduğunu, yoxsa artıq hüquqi cavabdehlik yaradan nifrət nitqinə çevrildiyini daha dəqiq təhlil edə bilirlər.

Nəticə olaraq, ifadə azadlığı demokratik cəmiyyətin əsas təməlidir. Ancaq bu azadlıq heç vaxt başqalarına qarşı zorakılığı, ayrı-seçkiliyi və nifrəti təbliğ etmə hüququnu əhatə etmir. Hüquq sistemi burada balans yaratmağa çalışır: bir tərəfdən azad fikri qorumaq, digər tərəfdən isə cəmiyyəti nifrət və zorakılıqdan müdafiə etmək.

1. Azərbaycan Respublikasının Konstitusiyası, 47/47.3, 1995

2. Avropa İnsan Hüquqları Konvensiyası, 10, 1953

3. Azərbaycan Respublikası Cinayət Məcəlləsi, 283, 1999

4. BMT-nin Rabat Fəaliyyət Planı, 2012

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page