Hamilə qadınların əmək hüquqlarının hüquqi tənzimlənməsi
- Ceyran Bayramova

- Jul 30
- 2 min read
Əmək münasibətlərində hamilə qadınlar xüsusi qayğıya ehtiyacı olan həssas işçi qrupunu təşkil edir. Məhz bu səbəbdən, qanunvericilik hamilə qadınların əmək hüquqlarını xüsusi qaydalarla tənzimləyir və işəgötürənlər üçün bir sıra məhdudiyyətlər və öhdəliklər müəyyən edir.
Təəssüf ki, əmək bazarında hamilə qadınların sırf hamilə olduğu üçün işə qəbul olunmaması halına tez-tez rast gəlinir. İşəgötürənlər hamilə qadınların hamiləliyə görə ödənişli məzuniyyətə çıxacaqlarını nəzərə alaraq onları işə götürmək istəmir. Bəs bu qanunidirmi?
Xeyr. Belə ki, hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.
Təsəvvür edin ki, Arif adlı işəgötürən işçisi Ləmanın hamilə olduğunu öyrənir. Bu xəbəri aldıqdan sonra o, Ləmanın analıq məzuniyyətinə çıxdığı müddətdə ona ödəniş vermək istəmədiyi üçün bir bəhanə göstərərək onu işdən çıxarmağı planlaşdırır. Bəs, Arif belə bir addımı ata bilərmi?
Xeyr. Çünki, hamilə, habelə üç yaşınadək uşağı olan qadınların əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qadağandır. Yəni, Arif hamilə olan Ləmanı işdən çıxara bilməz.
Bəs hamilə qadınların analıq məzuniyyəti necə müəyyən edilir?
Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
Nəzərinizə çatdırırıq ki, hamilə qadınların əlavə olaraq aşağıdakı hüquqları mövcuddur:
· Əmək müqaviləsi bağlanarkən hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlara sınaq müddəti təyin edilmir.
· Hamilə qadınların attestasiyası keçirilmir.
· Hamilə qadınlar praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasına cəlb edilmir.
· Hamilə qadınlar Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılmasına cəlb edilmir.
· Hamilə qadınlar üçün qısaldılmış iş vaxtı təyin edilməlidir. Qısaldılmış iş vaxtı hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.
· Hamilə qadınlar ərizə ilə müraciət edərək tələb etdikdə işəgötürən onlara natamam iş günü və ya natamam iş həftəsi təyin etməlidir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi, maddə 52, 66, 67-1.2, 67-2.2, 79.1, 91.2, 94.3, 79.2, 125, 240.1, 240.2, 245.1
_edited.jpg)



Comments