Gecə saatlarında qonşudan gələn səs-küyə görə şikayət etmək mümkündürmü?
- Yasaman Rajabli

- Jul 29
- 1 min read
Mənzilinizdə istirahət etmək istəyirsiniz, amma qonşudan gələn yüksək musiqi səsi və ya davamlı döyülmə səsləri sizi narahat edir? Belə hallarla tez-tez qarşılaşırıq. Bəs bu, sadəcə “qonşu problemi” sayılır, yoxsa qanunla tənzimlənən hüquqi pozuntudur? Gəlin bu suala birlikdə cavab axtaraq.
Qonşudan gələn səs-küy, əgər başqa şəxsin rahatlığını, sağlamlığını və ya istirahət hüququnu pozursa, bu artıq hüquqi məsələdir. Bəs bu, nə zaman məsuliyyət yaradır?
Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən: Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə - fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Əgər belə bir hal ilə rastlaşsanız və bu halı qonşuyla razılaşma ilə həll edə bilmədikdə və səs-küy davamlı olaraq baş verirsə, MTK rəhbərliyinə və ya bina idarəsinə yazılı və şifahi müraciət edə, həmçinin hüquqlarınızın pozulması iddiası ilə polisə və məhkəməyə müraciət edə bilərsiniz.
Bu məsələyə dair praktiki nümunə: Aytac xanım qonşusunun gecə saatlarında yüksək musiqi dinləməsindən şikayətçidir. O, bir neçə dəfə bunla bağlı qonşusuyla danışsa da, məsələ həll olunmadan qalmışdır. Daha sonra o, sahə polis bölməsinə müraciət etdikdən sonra qonşu cərimələnmiş və səs-küy dayanmışdır.
#inzibatixətalarməcəlləsi#qonşudasəsküy
_edited.jpg)



👍