top of page
Search

Evdən iş rejimi: Hüquqi çərçivə və əmək münasibətlərinin tənzimlənməsi

Tez-tez sosial şəbəkələrdə “Vaxtın yoxdur? Elə isə evdən işlə! Evdar xanımsan? Evdən online iş təklif edirik!” kimi çağırışlar görürük. Bəs evdən işləmək nə deməkdir? Evdən iş - işçinin əmək fəaliyyətini işəgötürənin müəyyən etdiyi iş quruluşu daxilində, daimi iş yerindən kənarda - evində icra etməsidir. Evdən işləməyin bir neçə forması var; ən geniş yayılmışları “Ənənəvi iş rejimi” və “Tele iş rejimi”dir.

Ənənəvi evdən iş modeli əmək və bacarığın əsas götürüldüyü, işçinin iş saatlarını və iş həcmini özü müəyyən etdiyi formadır. İşəgötürənin evdən işləyənə nəzarəti çətindir, işçi işini öz vaxtına uyğun idarə edir. Məsələn, toxuculuq fabrikində evdən işləyən işçi parçaları evdə tikir və işə görə pul alır. İşçi neçə saat işləyəcəyini və neçə parça tikəcəyini özü müəyyən edir. Bu modelin üstünlüyü işçinin sərbəstliyidir, dezavantajı isə işin keyfiyyətinə və vaxtında tamamlanmasına nəzarətin zəif olmasıdır. Buna görə ənənəvi evdən işdə əmək münasibətləri çox vaxt yazılı yox, şifahi razılaşma ilə tənzimlənir. Evdən tele iş rejimi isə ənənəvi evdən işdən fərqli olaraq, işin texnoloji vasitələrlə aparılmasını tələb edir. Bu zaman işçi işəgötürənin təmin etdiyi texniki avadanlıq və proqramlardan istifadə etməyə məcburdur, yəni texniki asılılıq yaranır. İşəgötürən işçinin bu vasitələrdən düzgün istifadə etməsi üçün göstərişlər verir və təlimatlandırır. Türk iş hüququnda işəgötürənin işçini texniki vasitələrlə təmin etməsi mütləq deyil, razılaşma ilə də ola bilər. Almaniya iş hüququnda isə işəgötürən özü və ya təyin etdiyi şəxslər vasitəsilə işçini texniki alətlərlə təmin etməlidir.

Evdən işləyən işçi kimdir? Avropa Şurasının 1998-ci ildə hazırladığı "Evdən İşləyənlərin Qorunması Hesabatı"nda evdən işləyən işçiyə belə tərif verilir : İşəgötürənin nəzarəti olmadan, amma ona bağlı vəziyyətdə iş görən şəxs. Təəssüf ki, Azərbaycanda evdən işləmənin hüquqi tənzimlənməsi Əmək Məcəlləsində yoxdur. Ona görə də, Türk İş hüququnda evdən işləyən işçinin əsas öhdəliklərini nəzərdən keçirəcəyik.

Evdən işləyənin öhdəlikləri:

İş görmə öhdəliyi: İşçi işi vaxtında bitirib işəgötürənə təhvil verməlidir. Əks halda, Türkiyə Borçlar Qanununun 463-cü maddəsinə əsasən, müqavilə öhdəliklərini pozmuş sayılır. Evdən işləyən işi evdən yerinə yetirir. İşəgötürən işçinin iş görmə zamanı yaranan xərclərini ödəməlidir. Türkiyə Borçlar Qanunun 414-cü maddəsinə görə, zəruri xərclərin işçi tərəfindən ödənilməsi barədə razılaşma etibarsızdır.

Sədaqət öhdəliyi: Türkiyə Borçlar Qanununun 396-cı maddəsinə görə, işçi işəgötürənin və müəssisənin maraqlarına zərər verə biləcək hərəkətlərdən uzaq durmalıdır. Məsələn, işçi işəgötürənin müştəri məlumatlarını üçüncü şəxslərlə paylaşmamalı, rəqabətə zidd fəaliyyət göstərməməlidir. Əgər işçi şirkətin məhsul planlarını rəqibə ötürərsə, sədaqət öhdəliyi pozulmuş sayılır.

Rəqabət qadağası: Evdən işləyən işçilər bir neçə işəgötürən üçün paralel işləyə bilərlər, xüsusən də tam zamanlı işlə təmin edilməyiblərsə. Bu halda əlavə işlər rəqabət qadağası sayılmır, çünki məqsəd maddi ehtiyacları qarşılamaqdır. Amma tam zamanlı bağlı işçi başqa işəgötürənlə işləsə, rəqabət qadağası pozulur. İşəgötürənin icazəsi olmadan istirahət vaxtında başqa işdə işləmək qadağandır.

Sirr saxlama öhdəliyi: İşçi iş zamanı işəgötürənin peşə və ticarət sirlərini öyrənir və bunları üçüncü şəxslərə açıqlamamalıdır. Bu öhdəlik iş müqaviləsi bitdikdən sonra da davam edir. Sirr sayılması üçün məlumatın ümumi bilinməməsi, işlə əlaqəli olması, işəgötürənin onu sirr kimi saxlaması və əsaslı marağının olması tələb olunur.

1. Türkiyə Borclar Qanunu, 396; 414; 463-cü maddələri

2. Alp, Mustafa (2011). “Tele Çalışma (Uzaqdan İşləmə)”. Prof. Dr. Sarper Süzek’e Armağan, Cild 1, Sayı 1,s. 795-855.

3. Erafşar RB (01 Ocak 2022) Türk iş hukukunda evden çalışma. Yıldırım Beyazıt Hukuk Dergisi 1 , s. 279–317.


 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page