top of page
Search

Elektron məhkəmə sistemi: İstifadə qaydaları və mərhələli təlimat

Müasir dövrdə məhkəmə sistemində rəqəmsallaşma hüquqi münasibətlərin daha çevik, şəffaf və əlçatan şəkildə tənzimlənməsinə xidmət edir. Bu istiqamətdə tətbiq olunan “Elektron məhkəmə” informasiya sistemi həm vəkillərə, həm də digər məhkəmə iştirakçılarına məhkəmə işləri ilə bağlı məlumatlara rahat çıxış imkanı yaradır. Məhkəmə icraatının, yəni ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməsi Mülki Prosessual Məcəllənin 10-1-ci maddəsi ilə müəyyən olunmuşdur. Eyni zamanda həmin Məcəllənin 135-ci maddəsinin tələbinə əsasən, iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, onlara məhkəmə sənədləri poçt göndərişi vasitəsilə çatdırılmır. Məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir. Bu o deməkdir ki, məhkəmədə işi olan hər bir kəs hər dəfə məhkəməyə getməyə və ya poçta ehtiyac olmadan həmin “elektron kabinet” vasitəsilə məhkəmə işinin gedişatından tam məlumatlı ola, bildirişləri və məhkəmə aktlarını sistemə yerləşdirildiyi anda görə, həmçinin ərizə və vəsatətlərini məhkəməyə verə bilər. Beləliklə, məhkəməyə yalnız təyin olunmuş məhkəmə iclası üçün yaxınlaşmağa zərurət var, qalan bütün hərəkətlər sistem vasitəsilə edilə və məlumatlar alına bilər.

Bəs, bu sistemdən istifadə yalnız vəkil vasitəsilə mi mümkündür? Təbii ki, xeyr.

Bunun üçün https://e-mehkeme.gov.az/Public/Cases linkinə daxil olmaq kifayətdir. Həmin linkə daxil olduqda, səhifənin yuxarı hissəsində sol küncdə sıra ilə müxtəlif bölmələr yerləşdiyini görəcəksiniz. Onlardan “Şəxsi Kabinetə Giriş” bölməsinə klikləmək kifayətdir. Şəxsi kabinetə “email ilə”, “Elektron imza”, “Asan İmza”, “Digital Login” və “Sima Login” ilə giriş etmək mümkündür. “email ilə” və “Digital Login” ilə elektron kabinetə daxil olduqda, məhkəmə işinin mövcud vəziyyəti ilə tanış ola bilsəniz də, məhkəməyə yeni sənəd (iddia ərizəsi, ərizə və ya vəsatət, şikayət) göndərməniz mümkün deyil. Digər üç imkanın isə hər hansı biri ilə daxil olmaqla siz elektron kabinetin bütün imkanlarından istifadə edə bilərsiz. “Sima Login”dən istifadə zamanı yalnız üz tanınması və barmaq izi tanınması istifadə edildiyindən, “Elektron imza” və “Asan İmza”dan fərqli olaraq, Asan Xidmətə yaxınlaşmağa, mobil nömrə almağa və digər sənədləşdirmə aparmağa zərurət qalmır.

Göstərilən vasitələrdən hər hansı biri ilə daxil olduqdan sonra, əgər elektron kabinetə ilk dəfə daxil olursunuzsa, sizdən elektron poçtunuzu qeyd etməyiniz tələb olunacaq. Həmin elektron poçta göndəriləcək linkə daxil olaraq email adresinizi təsdiq etməlisiniz. Beləliklə, şəxsi kabinetiniz aktivləşəcək.

Şəxsi kabinetinizə daxil olduqdan sonra, mobil nömrə və e-mail ünvanını düzgün qeyd etməyiniz məsləhətdir ki, məhkəmə sizinlə asanlıqla əlaqə saxlaya bilsin.

Əgər məhkəməyə iddia ərizəsi vermək istəyirsinizsə, açılan səhifənin yuxarı sol hissəsində yerləşən “Ərizə və şikayətlər” bölməsindən “Yeni ərizə” bölməsinə daxil olmalısınız. Açılan pəncərədə sizdən mərhələli şəkildə məlumatların daxil edilməsi tələb olunacaq. Tələb olunan məlumatlar düzgün şəkildə qeyd edildikdə, sistem vasitəsilə məhkəməyə iddia ərizəsi göndərə bilərsiniz.

Əgər məhkəmə aktından şikayət vermək istəyirsinizsə, “Yeni şikayət” bölməsinə daxil olaraq, yuxarıda qeyd etdiyimiz addımları yerinə yetirməyiniz kifayətdir. Məhkəmə aktından şikayət göndərərkən nəzərə alın ki, sənədin kağız daşıyıcıda imzalanaraq skan edilməklə elektron sistemə yerləşdirilməsi elektron formada təqdim edilmə hesab edilmir. Sənədin hazırlanması üçün müvafiq bölməni sistem sizə təqdim edəcəkdir. Kənarda hazırladığınız sənədi həmin bölməyə yerləşdirmək və mərhələli şəkildə sizdən tələb olunan addımları yerinə yetirməyə davam etməklə sənədin Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun elektron sənəd formasında imzalanmasını və göndərilməsini təmin edə bilərsiniz.

1) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi maddə 10-1 (28.12.1999)

2) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi maddə 135 (28.12.1999)

3) Azərbaycan Respublikası “Elektron imza və elektron sənəd haqqında” Qanun Maddə 21, 22 (09.03.2004)


 
 
 

2 Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Leyla Qasımlı
6 days ago
Rated 5 out of 5 stars.

👏🏻❤️

Like

Rated 5 out of 5 stars.

❤️❤️

Like
bottom of page