Borcun qaytarılma müddəti və vaxtından əvvəl tələb halları
- Rəvan Babayev

- Jul 31
- 2 min read
Borc almısınızsa, çalışın, vaxtında qaytarın. Çünki borc verən şəxs verdiyi borcun vaxtında qaytarılacağı düşüncəsi ilə hərəkət edir. Amma bu “vaxtında qaytarmaq” ifadəsi bəzən “vaxtından” əvvəl işə düşür. Belə ki, Mülki Məcəllədə nəzərdə tutulmuş bəzi hallarda borc verən şəxs müəyyən müddətə verilmiş borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Bu hallar aşağıdakılardır:
1. Borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi, həmçinin borc verilənə kimi borclunun əmlak vəziyyətinin pis olduğunun borc verənə borcu verdikdən sonra məlum olması.
Məsələn, “A” adlı şəxs “B” adlı şəxsə onun istəyi üzrə 1000 AZN məbləğində borc verir və 1 ay müddətində qaytarılmasını istəyir. Borclu isə imkanının yaxşı olduğunu, borcunu vaxtında qaytara biləcəyini bildirir. Borcun verilməsindən 15 gün sonra məlum olur ki, “B” adlı şəxsin nəinki imkanı yaxşı deyil, hətta göydə uçan quşa belə borcu var.
2. Borcun hissə-hissə qaytarılması nəzərdə tutulduğu halda vaxtı çatmış borcun 90 gün və ya daha çox müddətə gecikdirilməsi.
Məsələn, “A” adlı şəxsin “B” adlı şəxsə verdiyi 2500 AZN məbləğindəki borcun 5 ay ərzində hər ay bərabər məbləğdə olması şərtilə qaytarılması nəzərdə tutulur. “B” isə ilk 2 ayda 1000 AZN məbləği qaytarsa da, növbəti ayın borcunu 3 aydan çox müddətdir ki, ödəmək bilmir. Bu zaman “A” adlı şəxsin hüququ çatır ki, borcu bütövlükdə tələb etsin.
3. Borc alan şəxsin borcun qaytarılacağına dair təminat verməsi halında bu təminatın itirilməsi, yaxud dəyərinin azalması.
Məsələn, borcunun vaxtında qaytarılacağını “sübut etmək” üçün “B” adlı borclunun borcuna “A” adlı dostu zamin durur, amma iş elə gətirir ki, dostu borcunu ödəyənə kimi zaminin maddi vəziyyəti borcludan da pis olur.
4. Borcun təyinatı üzrə istifadə edilməməsi və ya borcverənin borcun təyinatı üzrə istifadə edilməsinə nəzarət etməsinə borclu tərəfindən imkan verilməməsi.
Məsələn, “A” adlı şəxs “B” adlı qonşusuna onun istəyi üzrə 1200 manat borc verir ki, gedib evinə bəzi məişət avadanlıqları alsın. Lakin borclu nəinki məişət avadanlıqları almır, hətta həmin pulla özünü daha “cool” göstərmək üçün bahalı saat alır.
Nəzərə alın ki, yuxarıda qeyd edilən hallarda borcun qaytarılmasını vaxtından əvvəl tələb etmək borc verən şəxsin hüququdur. Yəni borc aldığınız şəxs bu halları bilir və qəbul edirsə, narahatlığa lüzum yoxdur.
_edited.jpg)



Comments