top of page
Search

Beş və daha çox uşağa sahib olan qadınlara müavinət mexanizmi: Qanunvericiliyin tətbiqi

Həyatın gedişatı bəzən fərdlərin sağlamlıq vəziyyəti, ailə tərkibində dəyişikliklər və ya gəlir mənbələrinin itirilməsi kimi çətinliklərlə müşayiət oluna bilər. Belə hallarda dövlət tərəfindən təqdim edilən sosial müavinətlər əhalinin sosial müdafiəsinin təmin olunmasında mühüm vasitə rolunu oynayır.

Sosial müavinat nədir?

Sosial müavinətlər - ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Sosial müavinətlərın iki növü vardır: aylıq müavinətlər və birdəfəlik müavinətlər.

Bu bloqda aylıq müavinatlara aid olan beşdən çox uşağı olan qadınlara təyin olunan müavinət haqqındadır. Müavinət beşdən çox uşağı olan qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda təyin olunur. Müavinəti Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər almaq hüquqları vardır. Müavinatın məbləği hər uşaq üçün 140 manat təşkil edir. Müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir.

Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.

Müavinəti almaq üçün aşağıdakı sənədlər tələb olunur: 

1) Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti)

2) Uşaqların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələrinin surəti

3) Qadının beşdən çox uşağı doğub, tərbiyə etməsi və böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı.

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.

Keçmiş dövr üçün sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir.

Mənbələr:

1. “Sosial müavinətlər” haqqında Azərbaycan Respublikasının Qanunu

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”

3. “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasi Prezidentinin 27 dekabr 2013-cü il 72 nömrəli Fərmanı

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron saytı


 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page