Anlaqsız şəxslərə hüquq necə yanaşır?: Cəza və ya alternativ tədbirlər
- Sevinc Karimova

- Aug 2
- 2 min read
Cinayət qanunvericiliyinə əsasən, cinayət istənilən anlaqlı, qanunla müəyyən edilmiş yaş həddinə çatan, fiziki şəxslər tərəfindən törədilə və onlar barəsində cinayət məsuliyyəti yarana bilər. Lakin bu zaman belə bir sual yaranır ki, bəs anlaqlı olmayan - ruhi, psixi xəstəliyi olan şəxslər cinayət törədə bilməz? Müzakirə edəcəyimiz mövzu psixi, ruhi xəstəliyi olan şəxslərin törətdiyi cinayət əməlinə görə cəza təyini ilə bağlı olacaq
Psixi xəstəliyi olan şəxslərin barəsində məsuliyyət yaranması və cəza tətbiq olunması, şəxsin anlaqlı olub-olmamasından asılıdır ki, bu səbəbdən anlaqlığı istisna edən və etməyən psixi xəstəlik olaraq bölgüsü mövcuddur.
Cəzanın əsas məqsədlərindən biri cinayət törədən şəxsin islah edilməsidir. Anlaqsız vəziyyətdə olan şəxs törətdiyi əməlin və ona tətbiq olunan cəzanın mahiyyətini dərk etmir. Bu halda cəza həmin şəxs üzərində islahedici təsir göstərə bilmir və nəticədə cəzanın məqsədlərinə nail olunmur.
“Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8 noyabr 2022-ci il Qərarının 5-ci bəndinə əsasən anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin ekspertiza rəyinə əsasında özü və ətrafdakılar üçün təhlükəli olduğu müəyyən edilərsə və ya cinayətdən sonra psixi xəstəliyə tutulmuş şəxsin səhhəti qətimkan tədbiri seçilməsinə imkan verməzsə, müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında məhkəmə həmin şəxs barəsində qətimkan tədbirini psixiatriya stasionarına yerləşdirmə ilə əvəz edə bilər. (CPM-in 474.3 və 483.2-ci maddələri).
Qərardan göründüyü kimi, cinayət törədən şəxs barəsində yalnız o halda cəza əvəzinə müalicə tədbiri tətbiq oluna bilər ki, anlaqsız şəkildə cinayət törədən şəxs həm özü, həm də ətrafdakılara təhlükə yaratsın və ya şəxs cinayəti törətdikdən sonra psixi xəstəliyə tutulmuş olsun ki, bu hal da ekspertiza ilə təsdiq edilsin. Bunun nəticəsində məhkəmə şəxsə cəzanın tətbiq edilməsindən imtina edir. Lakin bu hal məhkəmənin şəxs barəsində tibbi xarakterli tədbirlər tətbiq etməsi vəzifəsi deyil, hüququdur.
Nəticə olaraq qeyd edə bilərik ki, psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi isə onların müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir.
1. Azərbaycan Respublikasının 30 dekabr 1999-cu il qəbul edilmiş Cinayət Məcəlləsinin 21, 22, 59.1.9, 78. l və 94-cü maddələri.
2. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8 noyabr 2022-ci il Qərarının 5-ci bəndi
_edited.jpg)



Comments