Ana uşağından imtina edə bilərmi: Şəxsi seçim, yoxsa hüquqi məsuliyyət?
- Sevinc Karimova

- Aug 21, 2025
- 3 min read
Uşaqdan imtina məsələsi həm emosional, həm də hüquqi tərəfləri olan mürəkkəb bir mövzudur. Ana uşağından imtina edə bilərmi? Sadəcə bir bəyanat kifayət edirmi, yoxsa məhkəmə və ya dövlət orqanlarının müdaxiləsi tələb olunurmu? Bu yazıda Azərbaycan qanunvericiliyi çərçivəsində ananın övladından imtinasının hüquqi tərəflərini araşdıracağıq.
Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin II bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin Ailə Məcəlləsinin 49-cı maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.
Göründüyü kimi, qanunvericiliyimizdə valideynin uşaqdan imtina etməsi ilə bağlı hər hansı bir norma mövcud deyildir, əksinə onlara qayğı göstərmək və qorumaq əsas vəzifələri kimi qeyd olunur. Belə olan halda valideynin övladından imtina etməsinə dair prosedur da müəyyən edilməmişdir. Yəni, bir valideynin sadəcə “övladımdan imtina edirəm” deməsi hüquqi nəticə doğurmur.
Lakin valideyn öz davranışları ilə bu münasibəti açıq şəkildə nümayiş etdirirsə - uşağı baxımsız qoyur, yemək, sığınacaq və tibbi yardım göstərmirsə, bu artıq uşağın hüquqlarının pozulması hesab olunur. Belə hallarda valideynlik hüquqlarından məhrumetmə məsələsi ortaya çıxır ki, bu hal isə yalnız məhkəmə qərarı ilə hüquqi qüvvə alır. Həmçinin Ailə Məcəllənin 66.2-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş valideynlər belə uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər.
Bəzən isə valideyn maddi, psixoloji və ya sosial səbəblərlə övladına lazımi qayğını göstərmək gücündə olmur. Bu vəziyyətdə valideyn övladını uşaq evinə vermək məcburiyyətində qalır. Lakin bu halda belə, valideyn hüquqi baxımdan hələ də valideyn sayılır.
Aydındır ki, ananın uşağından imtina etməsinin hüquqi forması mümkün olmasa da, bu hallar olduqca baş verir. Doğum evlərindən, sosial xidmət müəssisələrindən uşaqların götürülməməsi, həmçinin ən çox rast gəlinən – uşaqların yollara, zibil qablarına atılmasının şahidi oluruq. Bəs bu hallarda nə baş verir?
Hadisə barədə məlumat daxil olduqdan sonra polis orqanları tərəfindən valideynlərin şəxsiyyətinin müəyyən edilməsi və axtarışı istiqamətində tədbirlər görülür. Araşdırma müddətində uşağın təhlükəsizliyi və qayğısı təmin olunması məqsədilə o, müvafiq sosial xidmət müəssisəsinə təhvil verilir.
İşin araşdırılması yekunlaşdıqdan sonra, əgər valideynlərin uşağa münasibətdə səhlənkarlığı, baxımsızlığı və ya qəddar rəftarı sübuta yetirilərsə, Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən onlar valideynlik hüququndan məhrum edilə bilərlər. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən, heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və ya sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə valideynlik hüququnun məhdudlaşdırılmasına səbəb olur.
Məsələnin daha aydın izahı üçün Gəncə şəhərində baş vermiş konkret bir hadisəyə nəzər salaq. Nənə iki nəvəsini – 4 aylıq körpə qız və 3 yaşlı oğlanı – şəhər icra hakimiyyətinin qarşısına qoyaraq tərk etmişdir. Polis araşdırması nəticəsində məlum olmuşdur ki, uşaqların anası narkotik asılılığı olan şəxsdir və nənə onların gələcəyindən narahat olduğu üçün belə addım atdığını bildirib. Daha sonra nənə uşaqları geri istəsə də, onun uşaqlara baxmaq istəməməsi, analarının asılılıq problemi və ümumi sosial durumlarının əlverişsiz olması səbəbindən 4 aylıq körpə Bakıda, 3 yaşlı uşaq isə Gəncədəki uşaq evinə yerləşdirilmişdir.
Maraqlı hüquqi məqamlardan biri də budur ki, əgər valideyn övladını atıbsa, uşaq artıq dövlət himayəsinə keçibsə və ya valideynlik hüququndan məhrum edilibsə, həmin valideynin ölümü halında uşaqlar onun vərəsəsi ola bilərmi?
Beləliklə, sadalanan hallar baş versə belə, uşaq və valideyn arasında olan hüquqi münasibət dəyişmir, bu səbəbdən uşağın vərəsə olması barədə heç bir maneə öz əksini tapmır, əksinə valideynlik hüququndan məhrum edilən və ya məhdudlaşdırılan valideynin uşağı onunla qohumluğa əsaslanan əmlak və vərəsəlik hüquqlarını saxlamaqda davam edir (Ailə Məcəlləsinin 66 və 69-cu maddələri)
Nəticə olaraq, valideyn övladını atıb getsə də, onlar arasındakı hüquqi münasibətlər – yəni valideyn-övlad əlaqəsi qanunla qorunmağa davam edir və sadəcə “imtina” bəyanatı ilə valideyni məsuliyyətdən azad etmir.
İstinadlar
1. Azərbaycan Respublikası 1995-ci il 12 noyabr tarixində qəbul olunmuş Konstitusiyasının 17-ci maddəsinin II bəndi
2. Azərbaycan Respublikası 1999-cu il 28 dekabr qəbul olunmuş Ailə Məcəlləsinin 49, 64.0.3, 66.2, 66.4 və 69.3-cü maddələri
#ailəhüququ valideynlikhüququndanməhrumetmə #valideynlikhüquqununməhdudlaşdırılması #uşaqdanimtina
_edited.jpg)



Comments