Alimentin dəyişməsi və indeksasiya: Hüquqi tənzimləmə və hesablama prinsipləri
- Aynur Abdullazade

- Jul 31
- 2 min read
Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment Ailə Məcəlləsinin 76-cı maddəsinə görə qazancın və ya digər gəlirlərin müəyyən hissəsi miqdarında müəyyən olunur. Ailə Məcəlləsinin 78-ci maddəsi isə aliment tələb edən şəxsin xahişi ilə alimentin miqdarının məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilməsi imkanını tanıyır. AR Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində qeyd olunur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında minimum dolanacaq xərcləri isə hər il qəbul olunan “Yaşayış minimumu haqqında” Qanunla müəyyən olunur. Yaşayış minimumunun hər il dəyişməsi ilə hər il alimentin artırılması barədə yeni məhkəmə iddiaları qaldırılırdı. Buna ehtiyac qalmaması üçün Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı qəbul edildi. Bu qərar ilə 28 mart 2016-cı il tarixli Qərarın 8.4-cü bəndinə əlavələr edildi.
Həmin dəyişikliklərə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsaslanmaqla alimentin miqdarı məhkəmə tərəfindən minimum əməkhaqqı məbləğinin müəyyən misli şəklində müəyyən edilir. Məsələn, məhkəmə 2024-cü ildə alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əməkhaqqı məbləğinin 0,74 mislində alimentin tutulması barədə qətnamə qəbul edir. Nəticədə, ölkə üzrə minimum əməkhaqqı artdıqda ödəniləcək alimentin məbləği də ona müvafiq olaraq artır.
Bu vaxta qədər konkret məbləğlə ifadə edilmiş alimentlərin cari il üzrə minimum əməkhaqqına uyğunlaşdırılması (indeksasiyası) isə maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən həyata keçirilməlidir. İndeksasiya artıq müəyyən olunmuş aliment məbləğinin olduğu şəkildə minimum əməkhaqqının misli şəklində göstərilməklə cari minimum əməkhaqqına uyğunlaşdırılması ilə həyata keçirilir. Məsələn, 2019-cu ildə 125 manat alimentin tutulması qət edilibsə, məhkəmə indeksasiyanı həyata keçirərkən həmin məbləği 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əməkhaqqının 0,5 misli şəklində ifadə edir. Nəzərə alınmalıdır ki, alimentin indeksasiyası zamanı məhkəmə yeni aliment məbləği müəyyən etmir.
Alimentin indeksasiyasından fərqli olaraq, tərəflərdən birinin maddi vəziyyətində əhəmiyyətli dəyişikliklərin mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əməkhaqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsas ola bilər. Məsələn, şəxs 400 manat məbləğində aliment ödəyir, lakin bir müddət sonra işini itirir və bu pulu ödəməkdə çətinlik çəkir, bu zaman məhkəməyə bunla bağlı müraciət edərək müvafiq olan alimentin təyin olunmasını tələb edə bilər.
1) Azərbaycan Respublikası Ailə Məcəlləsi maddə 76 (28.12.1999)
2) Azərbaycan Respublikası Ailə Məcəlləsi maddə 78 (28.12.1999)
3) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Qərarı. Bənd 8.2 (28.03.2016)
4) “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı. Bənd 1.2 (20.12.2024)
5) Azərbaycan Respublikası Ailə Məcəlləsi maddə 110 (28.12.1999)
_edited.jpg)



Comments