top of page
Search

Mülki məhkəmə icraatında müvəqqəti təminat tədbirləri: Mahiyyət və əhəmiyyət

  • Aug 24
  • 2 min read

Müvəqqəti təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm hüquqi vasitələrindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. Belə ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin  tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur (Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsi).

Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təsəvvür edin ki, siz sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarsınız və digər sahibkar B-yə qarşı 50.000 manat məbləğində borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət edirsiniz. Məhkəmə prosessinin gedişində öyrənirsiniz ki, B-yə məxsus yeganə torpaq sahəsi üçüncü şəxsə satılmaq üzrədir. Bu halda borcun icrası çətinləşə bilər. Bu halda, siz Mülki Məcəllənin 158-ci maddəsinə əsasən siz həmin torpaq sahəsinə müvəqqəti həbs qoyulmasını xahiş edə bilərsiniz. Məhkəmə iddianın təmin olunma ehtimalını nəzərə alaraq satış əməliyyatlarını dayandırır və əmlakın üzərinə həbs qoyur.

Məhkəmənin təminat tədbirini təmin etməsi üçün 3 əsas meyara cavab verməlidir: 1) bu tədbirlər onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir, 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır, 3) tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər.

1. Azərbaycan Respublikası Mülki Məcəlləsi

2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarı

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci  maddələrinin bəzi müddəalarına dair” 2018-ci il 14 mart tarixli Qərar

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page