top of page
Search

Uşaqla görüş hüququ: Valideyn və uşağın ünsiyyət hüququnun hüquqi tənzimlənməsi

Ailə Məcəlləsinin 50-ci maddəsində uşağın öz valideynləri və qohumları ilə ünsiyyət hüququ təsbit edilib. Normaya əsasən, uşaq valideynləri arasındakı nikah pozulmuş və ya etibarsız sayıldıqda, valideynləri başqa dövlətdə olduqda belə, uşağın ünsiyyət hüququ təmin olunmalıdır. Ailə Məcəlləsinin 61.1-ci maddəsində uşağın valideyninin uşaqla ünsiyyət hüququ, 62-ci maddədə isə digər qohumların (baba, nənə və s.) analoji hüququnun olması əks olunub.

Bəs ünsiyyət hüququ təyin ediləndə nələr nəzərə alınır? Burada əsas diqqət edilməli olan məqam vaxt məsələsidir. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, səhhətini, məktəbəqədər və ya ümumi təhsil rejimini, hansı valideynə daha çox bağlılığını, ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərini, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla, məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər.

Digər bir məsələ isə vaxt təyin edərkən sırf formal cəhətdən yox, həqiqətən də valideynə uyğun və onun bu hüququnu real və maneəsiz həyata keçirməsinə təminat verən vaxt olmalıdır. Tutaq ki, ata(ana) həftəiçi hər gün səhər saat 09:00-dan axşam saat 18:00-dək işləyir və yalnız şənbə və bazar günləri istirahətdədir. Məhkəmə isə ata(ana)nın uşaqla həftənin çərşənbə axşamı saat 14:00-dan 17:00-dək görüşməsini müəyyən edir. Bu halda görünən odur ki, məhkəmə yalnız formal şəkildə ata(ana) üçün görüş vaxtı təyin edib. Ancaq bu vaxt reallıqda ata(ana)nın iş saatlarına uyğun deyil və o, həmin vaxtda uşaqla görüşə bilməyəcək. Bu isə, hüququn real və maneəsiz həyata keçirilməsi anlamına gəlmir.

Əvəzində, məhkəmə işin halları və ata(ana)nın iş qrafikini nəzərə alaraq, uşaqla şənbə günləri saat 10:00-dan 18:00-dək görüşməsini müəyyən etsə, bu halda ata(ana)nın hüququnu real və maneəsiz şəkildə həyata keçirməsinə şərait yaranar.

Bəzən məhkəmə işlərində belə hallar müşahidə olunur: valideynlər ayrıldıqdan sonra, uşaq ana(ata)nın yanında qalır və müəyyən edilmiş görüş günlərində ata(ana) uşağı görmək istəyir. Lakin ana(ata), uşağın xəstə olduğunu əsas gətirərək, ata(ana)nın uşaqla görüşməsinə icazə vermir və ya görüş zamanı özü də iştirak etməkdə israr edir. Bu cür hallarda bəzi ana(ata)lar düşünür ki, uşaq xəstədirsə, ata(ana) ona lazımınca qulluq edə bilməz, yalnız ana(ata)nın iştirakı vacibdir. Lakin kassasiya instansiyası məhkəmələrinin mövqeyinə görə bu yanaşma düzgün deyil. Qanunvericiliyə əsasən, həm ana, həm də ata uşağın valideynidir və hər ikisinin uşağın qayğısına qalmaq hüququ vardır. Uşaq ana(ata)nın yanında yaşasa belə, bu, ata(ana)nın valideynlik hüquqlarını məhdudlaşdırmır. Ailə Məcəlləsinin 61.2-ci maddəsində göstərilən hallar (məsələn, valideynin uşağın inkişafına mənfi təsir göstərməsi, zorakılıq, laqeydlik və s.) istisna olmaqla, ana(ata) ata(ana)nın uşaqla ünsiyyətinə mane olmamalıdır.

Ən çox verilən suallardan biri də, uşağın valideyni ilə ünsiyyət hüququnu məhdudlaşdıran hallardır. Qanunverici bu halların dairəsini konkret müəyyən etməyib. Amma ümumi olaraq valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirsə, onun ünsiyyət hüququ məhdudlaşdırıla bilər.

1.    AR Ailə Məcəlləsi, 50; 61; 62-ci maddələri (28.12.1999)

2.    “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”

AR Ali Məhkəməsinin 28 oktyabr 2011-ci il tarixli Plenum Qərarı

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page