Təhsil münasibətlərində hüquq və vəzifələr: Təhsilalan və təhsilverənin qarşılıqlı öhdəlikləri
- Mahammad Gasimov

- Aug 1
- 2 min read
Updated: Aug 1
Zəng çalındı, tələbələr sinfə daxil oldular. Vahid telefonunda müəllimin tövsiyə etdiyi T. Hobbesin “Leviathan” əsəri barədə internetdə araşdırma edirdi. Birdən müəllim telefonu əlindən alıb masasının üstünə qoydu. Vahid etiraz edərək dedi: “Müəllim, telefon mənim şəxsi mülkiyyətimdir və mən dərsə müdaxilə etmədən istifadə etmişəm. Siz hansı əsasla onu alırsız?” Müəllim isə onu acılayıb üzərinə qışqırdı və ardınca dərsdən kənarlaşdırdı.
İndi məsələnin hüquqi tərəfinə baxaq. Hər bir hüquq münasibətinin məzmunu subyektlərin hüquq və vəzifələrindən ibarətdir. Təhsil hüququnun subyektlərinə AR “Təhsil haqqında” Qanunun 31.0.1 və 31.0.2-ci maddələrinə əsasən təhsilalan və təhsilverənlər daxildir. Onların hüquq və vəzifələri isə həmin qanunun 32 (32.3.3. mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq və s.) və 33 (33.3.2. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək və s.)-cü maddələrində göstərilib.
Təhsilalanların, əsas hüququ Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə uyğun şəkildə dövlət standartlarına əsasən keyfiyyətli təhsil almaqdır. Əsas vəzifə isə daxili nizam-intizama riayət etməkdir. Təhsilverənlərin isə əsas vəzifəsi keyfiyyətli təhsil verməkdir. Eyni zamanda, təhsil prosesində nizam-intizamı qorumaq üçün müəyyən hüquqları var.
Qanunun 32.5.3-cü maddəsinə və digər müvafiq normalara əsasən, hər bir təhsil müəssisəsinin nizam-intizam qaydaları bu hüquq və vəzifələri müəyyən edir. Məsələn, BDU-nun daxili intizam qaydalarına əsasən dərsə maneə yaratmaq və ya avadanlığa ziyan vurmaq kimi hallar xəbərdarlıq, töhmət və universitetdən xaric olunma ilə nəticələnə bilər. Lakin müəllimin bu tədbirləri hüquqi çərçivədə aparması vacibdir: xəbərdarlıq etməli, tələbəni məlumatlandırmalı və zərurət olduqda sinifdən uzaqlaşdırmalıdır.
Vahidin vəziyyətinə gəlincə, o, dərsin gedişinə mane olmurdu. Əksinə, müəllimin tapşırığını yerinə yetirirdi. Onun dərsdən çıxarılması və telefonunun əlindən alınması təhsil hüququnun və şəxsi mülkiyyət hüququnun pozulmasıdır. Belə hallarda tələbə dekanlığa, rektorluğa, zərurət yarandıqda isə hüquq-mühafizə orqanlarına müraciət etməlidir.
1) AR Konstitusiyası, maddə 29 və maddə 42 (12 noyabr 1995)
2) AR “Təhsil haqqında” qanun, maddə 31, 32 və 33 (19 iyun 2009)
3) BDU Təhsilalanların daxili intizam qaydaları 2-ci və 4-cü hissələr (21 may 2014)
_edited.jpg)



👍🏻