top of page
Search

Sosial media və uşaq hüquqları: Valideyn sevgisi, yoxsa şəxsi həyata müdaxilə?

Bildiyimiz kimi, valideynlər tərəfindən uşaqlarının şəkillərinin, videoların sosial medialarda paylaşılması olduqca aktualdır. Belə ki, bu paylaşımların məqsədləri müxtəlif olmaqla - gəlir əldə etmək, tanınmaq, izləyici sayı artırmaq, sponsorlara çıxış əldə etmək və digər formada ifadə oluna bilər. Müasir mənada bu ifadə "sharenting" - ingilis dilindəki "sharing" (paylaşmaq) və "parenting" (valideynlik) sözlərindən ibarət olmaqla, valideynlərin uşaqlarının şəxsi həyatına dair məlumatları könüllü olaraq açıqlamasını nəzərdə tutur. Belə ki, valideynlər sosial mediada uşaqlarına dair məlumat və görüntüləri asanlıqla paylaşsalar da, bu paylaşımların doğura biləcəyi nəticələri əksər hallarda nəzərə almırlar. Bəs "sharenting" hansı nəticələrə səbəb ola bilər?

Valideynlər tərəfindən edilən bu paylaşımlar, uşaqların şəxsi məlumatlarının kənar şəxslər tərəfindən əldə olunması, saxlanılması və istifadəsi kimi ciddi risklər yaratmaqla bərabər, onları hər növ istismar təhlükəsi ilə üz-üzə qoyur. Bu hal, BMT-nin Uşaq Hüquqları Konvensiyasının 16-cı maddəsi ilə təsbit olunmuş şəxsi həyatın toxunulmazlığı hüququnu və 19-cu maddəsi ilə dövlətlər tərəfindən zəmanət verilən “istismardan müdafiə təminatı”nı birbaşa pozur. Belə ki, Konvensiyanın 16-cı maddəsinə əsasən, heç bir uşaq onun şəxsi həyat, ailə həyatı, mənzil toxunulmazlığı və ya yazışma sirri hüququnun həyata keçirilməsinə özbaşına və ya qanunsuz müdaxilə və ya şərəf və nüfuzuna qanunsuz qəsd obyekti ola bilməz. 19-cu maddəsinə əsasən isə, dövlət uşağı fiziki, yaxud psixoloji zorakılığın, təhqirin və ya sui-istifadənin, qayğısızlığın və ya etinasız münasibətin, kobud rəftarın və ya istismarın hər cür formasından qorumaq məqsədilə bütün lazımi qanunvericilik, inzibati, sosial və maarifçilik tədbirlərini görməlidir.

Konvensiyanın 3-cü maddəsindən irəli gələrək, hər bir halda "uşağın üstün maraqları" prinsipi rəhbər tutulmalı, bundan irəli gələrək, valideynlər övladlarının rəqəmsal mühitdəki toxunulmazlığını təmin etməyə borcludurlar. Bu səbəbdən valideynlər hər hansı paylaşım etməzdən əvvəl uşağın gələcək inkişafını və nüfuzunu nəzərə almalı, onun ləyaqətini alçalda biləcək görüntülərdən qaçmalı, şəxsi toxunulmazlıq hüququna hörmət etməli və təhlükəsizlik risklərini (məkan və şəxsi məlumat yayılması) minimuma endirməlidirlər.

Belə ki, "Sharenting" fəaliyyəti artıq ciddi sanksiyalarla qarşılaşır. Bu sahədə ən diqqətçəkən nümunələrdən biri İtaliyanın Trani Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərarı olmuşdur. Məhkəmə, doqquz yaşlı qızının görüntülərini TikTok-da paylaşan ananın hərəkətini qanunsuz hesab edərək, fotoların dərhal silinməsinə dair qərar çıxarmışdır. ​Məhkəmə qərarında xüsusən qeyd edir ki, ​azyaşlıların fotolarının sosial şəbəkələrdə yerləşdirilməsi onlar üçün potensial zərərli davranışdır. Bu görüntülər qeyri-məhdud sayda şəxs arasında yayılır və bədxah niyyətli şəxslərin uşaqlara yaxınlaşması üçün zəmin yaradır, bundan başqa bu fotolar 'tag' edilərək fotomontaj üsulu ilə pedopornoqrafik materialların hazırlanmasında istifadə edilə bilər.

Bundan irəli gələrək, Lawrance J.Magid (2005) valideynlərin üzərinə düşən əsas məsuliyyətlərin arasında ev ünvanı, məktəbin adı, telefon nömrəsi kimi identifikasiyaedici məlumatları onlayn qruplarda paylaşmamaq, uşaqların fotoşəkillərini veb saytlarında və ya söhbət qruplarında yayımlamamağı xüsusən vurğulayır. Bəs bu zaman sual yarana bilər ki, milli qanunveriliyimizdə uşaqların video, şəkillərinin paylaşılması hansı formada tənzimlənir?

Belə ki, qanunvericiliyimizdə uşaqların sosial mediada valideynləri tərəfindən paylaşılması ilə bağlı birbaşa qadağa və ya xüsusi tənzimləmə yoxdur. Lakin valideynlər uşaqların hüquq və mənafelərini qorumaq, onların ləyaqətinə və inkişafına təmin etmək və uşaqların maraqlarını əsas tutmaq vəzifəsini daşıyırlar. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən uşaqların mənafelərinin üstünlüyü prinsipi (maddə 5), yaşamaq və inkişaf etmək hüququ (maddə 8), həyatının və sağlamlığının mühafizəsi hüququ (maddə 9), həmçinin reklamda uşaqların müdafiəsi (maddə 11-1), azadlıq və şəxsi toxunulmazlıq hüququ (maddə 12) və digər hüquqları təsbit olunmuşdur. Bundan çıxış edərək deyə bilərik ki, milli qanunvericiliyimizdə bu barədə birbaşa qadağa olmasa da, valideynlərin uşaqların şəxsi həyatına dair məlumatları onların maraqlarına, mənafelərinə zidd formada paylaşması "valideynlik hüquqlarından sui-istifadə" kimi qiymətləndirilə bilər.

Beləliklə, 'sharenting' fəaliyyətinin uşağın şəxsi həyatına müdaxilə olduğunu, gələcəkdə onun ləyaqəti, təhlükəsizliyi və psixoloji sağlamlığı üçün ciddi fəsadlar doğura biləcəyini nəzərə alaraq, bu cür paylaşımlardan çəkinmək lazımdır. Valideynlər hər zaman övladlarının konstitusion hüquqlarını rəhbər tutmalı və bu hüquqların rəqəmsal mühitdə qorunmasını başlıca vəzifə kimi təmin etməlidirlər.


İstinadlar

  1. “Uşaq hüquqları haqqında” 19 may 1998-ci il tarixli AR Qanunu; 5, 8, 9, 11-1 və 12-ci maddələri

  2. Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyası; 3, 16 və 19-cu maddələri

  3. "Child Safety on the İnformation Highway" J. Magid (2005) səh 8, 9

 
 
 

1 Comment

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Rated 5 out of 5 stars.

Good and useful

Like
bottom of page