Süni intellektin hüquqa təsiri: Rəqəmsal dövrdə ədalət
- Laman Alakbarli

- Dec 28, 2025
- 4 min read
Tarixən “robot” anlayışı daha çox mifləşdirilmiş obraz kimi kino və ədəbiyyatda öz əksini tapmış, süni intellekt ideyası isə uzun müddət reallıqdan uzaq bir fantaziya kimi qəbul edilmişdir. Hətta klassik fəlsəfi düşüncədə belə süni intellektin mövcudluğu xəyal səviyyəsində təsəvvür olunurdu. Bu baxımdan Aristotelin “Siyasət” əsərində irəli sürdüyü fikirlər xüsusi diqqətə layiqdir. O qeyd edirdi ki, əgər alətlər və mexanizmlər onlara verilən tapşırıqları müstəqil və əvvəlcədən müəyyən olunmuş qaydada yerinə yetirə bilsəydilər, məsələn, toxuculuq alətləri öz-özünə işləsəydi və ya şairlərin təsvir etdiyi kimi avtomatlar tanrıların məclisinə daxil ola bilsəydi, insan əməyinə, xüsusilə də qulların əməyinə ehtiyac qalmazdı. Bu yanaşma göstərir ki, Aristotel qulların azad edilməsinin mümkün yolunu avtomatlaşdırmada görürdü. Lakin həmin dövrün texnoloji imkanları nəzərə alındıqda, robotlar və süni intellekt haqqında danışmaq praktik deyil, daha çox nəzəri və xəyali mülahizə xarakteri daşıyırdı.
Avropa Komissiyasının Süni İntellekt üzrə Yüksək Səviyyəli İşçi Qrupu tərəfindən hazırlanmış “A definition of AI: Main capabilities and disciplines” sənədində süni intellekt anlayışı aydın şəkildə izah olunur. Həmin sənədə görə, süni intellekt ətraf mühiti təhlil edən və müəyyən məqsədlərə çatmaq üçün müəyyən səviyyədə müstəqil qərarlar verə bilən sistemlərdir. Süni intellektin inkişafının insan hüquqlarına təsir sahəsi artıq bir neçə ildir ki, beynəlxalq ictimaiyyətin maraq dairəsindədir və bu mövzu daha çox “rəqəmsal hüquqlar” anlayışı çərçivəsində izah olunur. Hətta 45 şəhəri bir araya gətirən “Rəqəmsal Hüquqlar üçün Şəhərlər Koalisiyası” 2019-cu ilin sonunda keçirilmiş toplantının nəticəsi olaraq rəqəmsal hüquqlara dair öz Bəyannaməsini qəbul etmişdir. “Rəqəmsal Hüquqlar üçün Şəhərlər Koalisiyası” tərəfindən qəbul edilmiş Bəyannamədə aşağıdakı əsas prinsiplər müəyyən edilmişdir:
· universal və bərabər internetə çıxışın təmin olunması, həmçinin rəqəmsal savadlılığın artırılması;
· konfidensiallığın qorunması, şəxsi məlumatların müdafiəsi və informasiya təhlükəsizliyinin təmin edilməsi;
· şəffaflığın və hesabatlılığın gücləndirilməsi, eləcə də ayrı-seçkiliyin qarşısının alınması;
· iştirakçı demokratiyanın təşviq edilməsi;
· açıq və etik rəqəmsal xidmət standartlarının tətbiqi;
· müxtəlifliyin və inklüzivliyin dəstəklənməsi.
Süni intellekt texnologiyalarının sürətli inkişafı insan hüquqlarının qorunması baxımından yeni imkanlar yaratmaqla yanaşı, ciddi hüquqi və etik problemlər doğurur. Süni intellekt sistemlərinin insan hüquqları baxımından yaratdığı əsas problemlərdən biri onların qeyri-şəffaf və ədalətsiz olmasıdır. Bu problem müxtəlif ölkələrin təcrübəsində açıq şəkildə müşahidə olunmuşdur. Məsələn, Amerika Birləşmiş Ştatlarında cinayət mühakiməsində istifadə olunan süni intellekt alqoritmləri (xüsusilə cəza təyin edilməsi və vaxtından əvvəl azadlığa buraxılma məsələlərində) irqi ayrı-seçkilik yaratdığı üçün ciddi tənqidlərə məruz qalmışdır. Aparılan araşdırmalar göstərmişdir ki, törədilən eyni ictimai təhlükəli əməllərə baxmayaraq, bu sistemlər bəzi etnik qrupları digərləri ilə müqayisədə daha yüksək təhlükəli kimi qiymətləndirir.
Süni intellekt texnologiyalarının sürətlə yayılması insan hüquqlarının qorunması baxımından yeni və mürəkkəb suallar ortaya çıxarır. Avropa İttifaqı bu riskləri vaxtında düşünərək “Süni İntellekt Aktı”nı qəbul etməklə insan hüquqlarını rəqəmsal dövrdə qorumağa yönəlmiş mühüm addım atmışdır. Bu hüquqi sənədin əsas məqsədi süni intellektin iqtisadi və texnoloji potensialından faydalanmaqla yanaşı, onun insan ləyaqətinə, hüquq və azadlıqlara zərər vurmasının qarşısını almaqdır. “Süni İntellekt Aktı” süni intellekt sistemlərini yaratdığı risk səviyyəsinə görə təsnif edir və bu yanaşma birbaşa insan hüquqlarının qorunmasına xidmət edir. Çünki süni intellektin bəzi sistemləri şəxsi həyatın toxunulmazlığı, ayrı-seçkiliyə yol verilməməsi, ifadə azadlığı və ədalətli məhkəmə hüququ kimi fundamental hüquqlara ciddi təhlükə yarada bilər. Hüquq-mühafizə, məhkəmə sistemi, ictimai təhlükəsizlik, səhiyyə və demokratik proseslərdə istifadə olunan süni intellekt tətbiqləri daha sərt nəzarətə tabedir. Burada əsas məqsəd süni intellektin insan üzərində nəzarət alətinə çevrilməsinin qarşısını almaq, qərarların şəffaflığını təmin etmək və insan nəzarətini qorumaqdır. İnsan hüquqları baxımından ən əhəmiyyətli məqamlardan biri də bəzi süni intellekt tətbiqlərinin tam qadağan edilməsidir. İnsan davranışını gizli şəkildə manipulyasiya edən sistemlər və ya dövlətlər tərəfindən tətbiq olunan “sosial qiymətləndirmə” mexanizmləri insan ləyaqətini və azad iradəni təhlükə altına saldığı üçün qəbuledilməz hesab olunur. Nəticə etibarilə, Avropa İttifaqının “Süni İntellekt Aktı” texnoloji tənzimləmədən daha çox, insan hüquqlarının rəqəmsal mühitdə qorunmasına yönəlmiş hüquqi akt kimi çıxış edir. Bu yanaşma göstərir ki, süni intellektin inkişafı insan hüquqlarına alternativ deyil, əksinə, həmin hüquqlara hörmət və onların qorunması üzərində qurulmalıdır. Rəqəmsal ədalət anlayışı da məhz bu balansın qorunmasını tələb edir: texnologiya insan üçün olmalı, insan texnologiya üçün deyil.
BMT-nin İnkişaf Proqramı çərçivəsində Azərbaycanda texnologiyanın tətbiqini genişləndirmək və müasir texnoloji imkanları ölkədə əlçatan etmək məqsədilə bir sıra layihələr həyata keçirilir. 2020-2025-ci illər üçün nəzərdə tutulan proqram süni intellekt, “Cloud” texnologiyaları, texnologiya parkları və digər innovativ həlləri investisiya və inkişaf prioriteti kimi nəzərdə tutur. Eyni zamanda, “İdeyadan Biznesə” (I2B) platforması vasitəsilə texnoloji start-up layihələrinin dəstəklənməsi və təşviqi üçün proqramlar icra olunur. Bu təşəbbüslər BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılıb və əsas məqsəd ölkənin texnoloji potensialını artırmaq, müasir infrastruktur yaratmaq və ətraf mühitin qorunmasını təmin etməkdir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş 2025-2028-ci illəri əhatə edən “Süni İntellekt Strategiyası” ölkənin süni intellekt sahəsində inkişafını sürətləndirmək, rəqəmsal transformasiyanı dəstəkləmək və Azərbaycanın qlobal süni intellekt ekosistemində rolunu gücləndirmək məqsədi daşıyır. “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” ilk növbədə, ölkədə süni intellekt üzrə mövcud vəziyyəti təhlil edir, daha sonra əldə olunan nəticələrə uyğun olaraq və qlobal trendlərə əsaslanaraq müəyyənləşdirilən prioritet istiqamətlər və tədbirlər planı vasitəsilə sözügedən sahədə strateji məqsədlərə və göstəricilərə nail olmağı hədəfləyir. Strategiyada süni intellekt ekosisteminin formalaşmasını və inkişafını təmin etmək üçün dövlət və özəl sektor arasında əməkdaşlıq, akademik və elmi tədqiqatların gücləndirilməsi, startap və innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilir. 2025-2028-ci illər ərzində həyata keçiriləcək tədbirlər çərçivəsində ilkin mərhələdə süni intellekt üzrə idarəetmənin təkmilləşdirilməsi, süni intellekt siyasətinin formalaşdırılması, məsul dövlət orqanlarının (qurumlarının) müəyyən edilməsi və dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə, süni intellektdən etik dəyərlər çərçivəsində və məsuliyyətlə istifadəni təmin etmək üçün normativ hüquqi baza hazırlanacaq, insan hüquqlarına və məlumatların məxfiliyinə xüsusi diqqət yetiriləcəkdir.
Süni intellekt Strategiyası çərçivəsində akademik tədqiqatların dəstəklənməsi, ali təhsil müəssisələrində yeni tədris proqramlarının tətbiqi, beynəlxalq əməkdaşlıqların gücləndirilməsi, həmçinin startap ekosisteminin inkişafı üçün investisiyaların artırılması, kommersiyalaşdırmanı təşviq edən təşəbbüslərin həyata keçirilməsi və yerli ilə xarici investorların cəlb olunması əsas prioritetlər kimi müəyyən olunub. Eyni zamanda, strategiya çərçivəsində ictimaiyyətin süni intellekt texnologiyaları barədə məlumatlılığının artırılması və bu texnologiyaların cəmiyyət üçün faydalarını əks etdirən maarifləndirmə kampaniyalarının aparılması planlaşdırılır. Yeni strategiyanın icrası Azərbaycanı regionda süni intellekt sahəsində lider mövqeyinə çıxaracaq, ölkənin rəqəmsal inkişafına əhəmiyyətli töhfə verəcək və süni intellekt ekosisteminin qurulması, həmçinin Azərbaycanın qlobal süni intellekt platformalarında aktiv rol alması üçün bir yol xəritəsi rolunu oynayacaq.
İSTİNADLAR:
1. Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası
2. Gülnaz Rzayeva, Aytəkin İbrahimova. Süni intellekt, insan hüquqları və fərdi məlumatların təhlükəsizliyi. Dərs vəsaiti. Bakı: “Nurlar” nəşriyyatı, 2021, 200 s.
3. Aristotle. Politics. Batoche Books, Kitchener, 1999, p. 7.
4. Declaration of Cities Coalition for Digital Rights. https://citiesfordigitalrights.org/
5. Centre for Data Ethics and Innovation – AI Barometer.
6. EU, Artificial Intelligence Act, Regulation (EU) 2024/1689, OJ L, 12 July 2024.
.
_edited.jpg)



Comments