Rüşvət alma və rüşvət vermə cinayətləri
- Fatima Mammadli

- Dec 26, 2025
- 4 min read
Müasir dövlət idarəçiliyində korrupsiya, xüsusilə də rüşvət cinayətləri, hüquqi sistemlərin etibarlılığını zədələyən, ictimai inamı sarsıdan və iqtisadi inkişafın davamlılığını təhlükə altına alan ən ciddi hüquq pozuntularından biri kimi qiymətləndirilir. Rüşvət yalnız fərdi səviyyədə qanunsuz maddi maraqların təmin edilməsi deyil, həm də dövlət institutlarının funksional obyektivliyini pozan, vəzifələrin icrasında bərabərliyi və şəffaflığı zədələyən sistemli problemdir. Bu səbəbdən rüşvətxorluqla mübarizə həm beynəlxalq hüquqda, həm də milli hüquqi sistemlərdə əsas istiqamət kimi formalaşmışdır.
Rüşvət dövlət orqanlarının fəaliyyətinə, vətəndaşların hüquqlarına və ümumi sosial ədalət prinsiplərinə mənfi təsir göstərir. Bu qanunsuz münasibət rüşvət verən və rüşvət alan arasında baş verir və hər iki tərəf hüquqi məsuliyyət daşıyır. Belə ki, qanunvericilik rüşvətxorluğu aktiv passiv olmaqla 2 yerə ayırır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311-ci maddəsi “Rüşvət alma və ya passiv rüşvətxorluq” vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi şəklində təsbit olunmuşdur.
Vəzifəli şəxsin rüşvət alması hər bir halda rüşvət alma cinayəti deyildir. Belə ki, rüşvət alma və dələduzluq cinayətləri fərqləndirilməlidir. Vəzifəli şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilir.
Rüşvət vermə (aktiv rüşvətxorluq) da qanunvericiliyə əsasən, özünü 2 aspektdə göstərir: 1. xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi, 2. xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi. Qanunvericilik rüşvət verəni hədə-qorxu nəticəsində rüşvət verdikdə cinayət məsuliyyətindən azad edir.
Eyni zamanda, rüşvət alma cinayətinin ictimai təhlükəliliyini nəzərə alaraq, rüşvət verən şəxsin rüşvət vermə haqqında dövlət orqanına könüllü məlumat verməsi onun cinayət məsuliyyətindən azad olunması üçün əsas kimi çıxış edir. Burada əsas diqqət olunmalı məqam “könüllü məlumat vermə” ilə bağlıdır. Könüllü məlumat vermə dedikdə, rüşvət verənin vəzifəli şəxsə rüşvət verməsi faktını öz şəxsi iradəsi ilə, heç bir xarici təsir olmadan, istənilən formada müvafiq dövlət orqanına bildirməsi başa düşülür. Könüllü məlumat fakt barədə müvafiq dövlət orqanlarına başqa mənbələrdən məlumat daxil olmamışdan əvvəl verilməlidir. Əgər rüşvət faktı barədə məlumat dövlət orqanına artıq çatmışdırsa, rüşvət verən şəxs bu məlumatın həmin orqan tərəfindən artıq bilindiyini bilməməlidir.
Rüşvət vermə cinayətlərində çox zaman rüşvət verən və rüşvət alan arasında münasibətlərin 3-cü tərəfinə - vasitəçiyə rast gəlinir. Bəs bu şəxslərin cinayət məsuliyyəti necə müəyyən olunur?
Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilməmişdirsə, onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir.
Nəzəriyyədə səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilmir. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlir.
Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi də yalnız dələduzluq kimi qiymətləndirilməlidir.
İstinadlar:
1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Kommentariyası, səh. 642-652
3. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, 11 iyun 2015
4. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı
_edited.jpg)



Comments