Narkotik vasitələrin istehlak və satışı: Cəhənnəmə gedən özünə yoldaş axtarar!
- Zahra Babayeva

- Dec 24, 2025
- 3 min read
Təəssüf ki, günümüzdə cəmiyyətin bəlasına çevrilən, onun mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ciddi problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını hərtərəfli və sistemli şəkildə əks etdirən beynəlxalq konvensiyalara qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür və onları həyata keçirmək məqsədilə müvafiq münasibətləri tənzimləyən qanunvericiliyin, o cümlədən məhkəmə təcrübəsinin ümumiləşdirilməsi sahəsində mühüm addımlar atmışdır.
Lakin işlərin öyrənilməsi göstərir ki, məhkəmələr tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işlərinə baxılarkən qanunvericiliyin tələblərinə kifayət qədər düzgün əməl edilməyərək əməllərin tövsifində müəyyən yanlışlıqlara yol verilir. Bu hallardan narkotik vasitələrin şəxsi istehlak yaxud satış məqsədi ilə qanunsuz dövriyyəsi məsələsi mühüm əhəmiyyət kəsb edir ki, bu yazıda onların əsas fərqləndirilmə meyarlarından bəhs edəcəyik.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin dispozisiyasında müvafiq olaraq satış məqsədi olmadan və satış məqsədi ilə əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə və satma əməlləri təsbit edilmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar sadalanan hərəkətlərə isə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində müvafiq anlayışlar verilmişdir. Həmin Qanunun 1.0.14-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakı dedikdə, qanunvericiliyin tələblərini pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür.
Bəzi hallarda şəxslər narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlakı ilə kifayətlənməyərək, hətta özləri həmin maddələrdən istifadə etməsələr belə, cəmiyyətin digər fərdlərinə onları qanunsuz olaraq satır - yəni, miqdarından asılı olmayaraq qanunvericilik ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönələn hərəkətlər edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin sözügedən işlərlə əlaqədar praktikasına əsaslansaq, görə bilərik ki, şəxsin nəinki əvəzli şəkildə hər hansı maddi maraq naminə (məsələn, qazanc və ya digər mənfəət əldə etmək, özünü və ya yaxınlarını müəyyən borc yaxud digər maddi öhdəliklərdən azad etmək məqsədilə), həm də əvəzsiz olaraq yəni, qeyri-əmlak xarakterli (məsələn, əldə edənin qarşısında hörmət və nüfuz qazanmaq, özünü ona sadiq dostu və ya tanışı kimi təqdim etmək və s.) məqsədlərlə narkotik vasitələrin və ya psixotrop maddələrin yayılmasına yönəlmiş hərəkətləri satış məqsədilə törədilmiş əməllər kimi qiymətləndirilir.
Bəzən şəxsin üzərində narkotik vasitə və ya psixotrop maddələr aşkar olunan zaman dəqiq araşdırılmanın aparılmaması və sübutların kifayət qədər düzgün qiymətləndirilməməsini nəticəsində onun əməlində satış məqsədi olmadığı halda, o, bunu əksi ilə ittiham olunur və nəticədə təqsirli olmadığı ictimai təhlükəli əmələ görə cəzalandırılır. Bu barədə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyası narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Belə hallarda təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları məhkəmələr tərəfindən nəzərə alınmalıdır.
Nəticə etibarilə, bu iki əməlin törədilməsi ilə əlaqədar olaraq şəxsə təyin olunan müvafiq cəzaların ağırlıq dərəcəsində əhəmiyyətli fərq müşahidə olunur. Əməl satış məqsədi olmadan törədildikdə cəzanın yuxarı həddi üç ilədək müddətə azadlıqdan məhrumetmə olduğu halda, satış məqsədi ilə törədildiyi halda isə şəxs üç ildən yeddi ilədək azadlıqdan məhrumetmə cəzasını çəkməyə məhkum edilir. Göründüyü kimi, əməlin düzgün tövsif olunmaması, şəxsin azadlıq hüququnun kifayət qədər uzun müddətə qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur ki, təhqiqat və ibtidai istintaq orqanları, o cümlədən məhkəmələr bu əməllərin araşdırılmasına və tövsifinə xüsusilə diqqətli yanaşaraq iş üçün əhəmiyyətli halları müəyyən edərkən, həmçinin sübutları qiymətləndirən zaman hərtərəfli, tam və diqqətlə hərəkət etməlidirlər.
İstinadlar:
· Azərbaycan Respublikası Cinayət Məcəlləsi, maddələr: 234.1 və 234.2
· “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarı
· “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu, maddələr: 1.0.11 və 1.0.14
· Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 16 aprel tarixli 1(102)-732/2024 saylı Qərarı
_edited.jpg)



Comments