Kredit müqavilələrində iddia və kəsici müddətlər: Tələbetmə hüququnun vaxtla məhdudlaşması
- Sema Khalilzade

- Jul 31
- 2 min read
Demək olar ki, hər kəsin həyatında bir dəfə də olsa, kredit müqaviləsinin yerinə yetirilməsi ilə bağlı problemi olmuşdur. Gündəlik həyatda müxtəlif situasiyaları həll etmək üçün kredit götürmək adi hal alıb. Lakin bu seçim sonradan hüquqi mübahisələrə səbəb ola bilər. Kredit müqaviləsində kreditor, yəni borc verənlə əsas borclu və ya zamin arasında yaranan münasibətlərdə müddətlər əhəmiyyət kəsb edir. İndi isə əsas borclu və zaminə nəzərən hansı müddətin tətbiq edildiyini aydınlaşdıraq.
Kazus: A şəxsi (əsas borclu) bankdan (kreditor) 1500 AZN krediti 1 il müddətinə götürür və onun yaxın dostu B (zamin) A-ya zamin durur. A bir müddət keçəndən sonra ödənişləri gecikdirir və sonda ümumiyyətlə borcunu bağlamır. Bank isə 3 il gözlədikdən sonra həm A-ya, həm də B-yə qarşı məhkəməyə müraciət edir. Burada belə bir maraqlı sual ortaya çıxır: Zamin olan B, əsas borclu olan A ilə birlikdə məsuliyyət daşıyacaqmı?
Zaminə münasibətdə:
“Kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının metodik vəsaitində MM-nin 477.0.4-cü maddəsində qeyd olunan etibarlı zaminlik müqaviləsi əsasında əmələ gəlmiş zaminliyə xitam verilməsinin müddətlərinin kəsici müddət olduğunu qeyd edir. Deməli, zamin olan B-yə münasibətdə kəsici müddət şamil olunduğundan və kəsici müddət də hüquqa xitam verdiyi üçün zaminlik üçün müəyyənləşdirilən 1 il müddətindən əlavə 2 il də keçdiyindən zaminin məsuliyyəti aradan qalxacaq.
Əsas borcluya münasibətdə:
MM-nin 745.4-cü maddəsinə əsasən borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə 1 il müddətinə iddia müddəti şamil olunur. Yəni ki, bank A-nın öhdəliyinin icra müddəti çatdığı andan 1 il müddətinə məhkəmədə iddia qaldıra bilər. Əgər A məhkəməyə iddia müddətinin keçməsi ilə bağlı ərizə verməzsə, onda iddia müddətinin keçməsindən asılı olmayaraq, A öhdəliyin icrasına cəlb oluna bilər.
Açar Anlayışlar:
1. Kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz subyektiv hüququnu həyata keçirməməsi və ya lazımi qaydada həyata keçirməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir.
2. İddia müddəti - məhkəməyə müraciət etməklə bağlı olan və ötürülməsi nəticəsində iddiaçının tələbinin aid olduğu haqqın aradan qalxması ilə nəticələnməyən müddətdir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.
1. AR Mülki Məcəlləsi, 477.0.4, 745.4, 354.2-ci maddə
2. “Kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsinə dair “ Ali Məhkəmə Mülki Kollegiyasının metodik vəsaiti
_edited.jpg)



Comments