top of page
Search

İş saatından artıq iş: Hüquqi tənzimləmə, işçinin hüquqları və əlçatanlıq

Günümüzdə iş saatlarından kənar tapşırıqların icrası olduqca aktualdır. Təsəvvür edin, işiniz bitib, lakin rəhbərlik sizə zəng və ya mesaj vasitəsilə yeni tapşırıqlar verir. Bu zaman rəhbər tərəfindən tapşırıqlar və digər şəxslər tərəfindən tapşırıqların icrası ilə bağlı edilmiş zənglər və mesajların cavablandırılması məsələsi hüquqi olaraq necə tənzimlənir?

Müasir dövrdə texnologiyanın inkişafı və rəqəmsallaşma nəticəsində əmək münasibətlərində “əlçatan olmaq öhdəliyi” anlayışı meydana çıxmışdır. Xüsusilə ofis xaricində işləmək, evdən işləmək və ya rəhbərin istənilən saatda əməkdaşla əlaqə qurması adi hala çevrilmişdir. Əmək qanunvericiliyimizdə “əlçatan olmaq öhdəliyi” kimi ayrıca anlayış yoxdur. Lakin Əmək Məcəlləsinə əsasən gündəlik normal iş vaxtının müddəti 8 saatdan və gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Məcəllədə eyni zamanda iş vaxtından artıq iş anlayışını da izah verilmiş və göstərilmişdir ki, iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. İş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək isə işçinin əsas hüquqlarındandır. Qanunvericilik açıq-aşkar göstərir ki, işçidən iş saatı başa çatdıqdan sonra əmək fəaliyyəti tələb edilirsə, bu artıq "iş vaxtından artıq iş" sayılır və bunun üçün işçinin razılığı əsasdır. Rəhbərlərin işçilərə qeyri-rəsmi şəkildə iş vaxtı bitdikdən sonra tapşırıqlar verməsi, mesajların zənglərin cavablandırılmasını tələb etməsi işçinin iş vaxtından artıq işləməyə məcbur etmək kimi qiymətləndirilə bilər. Əgər bu vəziyyət daimi xarakter alırsa və işçi susaraq bu tələblərə uyğunlaşırsa, bu, əmək münasibətlərinin məcburi forma aldığını göstərir.

Bu məsələnin hüquqi tənzimlənməsi ilə bağlı dünya ölkələrinin təcrübəsi də maraq doğurur. Belə ki, 2017-ci ildən etibarən Fransanda işçilərin "əlçatan olmamaq hüququ" (right to disconnect) qanunvericilik səviyyəsində tanınmış və 50-dən çox işçisi olan şirkətlərin işəgötürənləri normal iş saatlarını aydın şəkildə müəyyən etmək, habelə işçilərlə razılaşdırılmış şəkildə işgüzar ünsiyyətlə bağlı siyasəti hazırlamaq vəzifələri ilə yüklü edilmişdir. Əmək qanunvericiliyinə edilmiş bu yeniliklə eyni zamanda işçilərə iş saatları bitdikdən sonra əlçatan olmamaq, yəni gələn iş mesajlarına və zənglərə cavab verməmək hüququ verir. Fransadan sonra Belçika, İspaniya və İtaliya kimi digər Avropa ölkələri də bu nümunəni izləmiş və oxşar hüquqi tənzimləmələrdən istifadə etmişdirlər.

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Maddə 9, 89, 99 (01.02.1999)

2. Fransa Respublikasının Əmək Məcəlləsi (République Française: Code Du Travail)

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page