top of page
Search

Startapların Hüquqi Tənzimlənməsi: Azərbaycanda İnnovativ Sahibkarlığın Gələcəyi

Updated: 2 days ago

Startapların İnkişafı və Hüquqi Tənzimlənməsi


Bildiyimiz kimi, dövlətin inkişaf fonunda startap fəaliyyətinin hüquqi tənzimlənməsi xüsusi aktuallıq kəsb edir. Son illərdə startapların maliyyə yükünü azaltmaq və onların rəqabətədavamlılığını təmin etmək üçün əsaslı addımlar atılıb. Bəs bu yeniliklər hansılardır və startaplar onlardan necə yararlana bilər?


Startap Nədir?


Əvvəla, belə bir sual yaranır ki, startap dedikdə nə başa düşülür? Startap, miqyaslana biləcək bir biznes modeli tapmaq, inkişaf etdirmək və təsdiqləmək məqsədi daşıyan innovativ şirkət və ya layihədir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.80-ci maddəsinin məzmununa görə, startap innovativ təşəbbüsə əsaslanan və müəyyən edilmiş meyarlara cavab verən, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Startap” şəhadətnaməsi verilmiş şəxslərin həyata keçirdiyi sahibkarlıq fəaliyyətidir.


Startapların Təşkili


Azərbaycanda startapların formalaşdırılması və fəaliyyətinin təşkili Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir. KOBİA-nın əsas istiqaməti yeni ideyası olan şəxslərin və startapların maliyyə resurslarına (investisiya, kredit, qrant) çıxışını genişləndirməkdir. Agentlik həm ilkin fəaliyyətə maliyyə dəstəyi verir, həm də müsabiqələr vasitəsilə startapların qeydiyyat, istehsal, patentləşdirmə və xarici bazarlara çıxış layihələrini dəstəkləyir.


Startap Şəhadətnaməsi


Startapların fəaliyyətinin təşkilinin yeniliklərindən biri startap şəhadətnaməsidir. Startap şəhadətnaməsi – Azərbaycanda innovativ sahibkarlıq fəaliyyəti ilə məşğul olan kiçik bizneslərə verilən, əsasən vergi güzəştləri vermək məqsədi daşıyan rəsmi sənəddir. Bu şəhadətnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə “Startapın müəyyən olunması meyarları” təsdiq edilmiş və həmin ildən etibarən tətbiq edilmişdir.


Şəhadətnamə Prosesi


Şəhadətnamə KOBİA tərəfindən verilir. Müraciətə 30 gün müddətində baxıldıqdan sonra qiymətləndirmə üçün Ekspertlər Şurasına təqdim olunur. Şəhadətnaməni almaq üçün müraciət edən şəxs mikro və ya kiçik sahibkarlıq subyekti olmalı, rezident vergi ödəyicisi statusuna malik olmalı və orta-iri sahibkarlıq subyektləri olan təsisçilərin hüquqi şəxsdəki payı 49%-dən çox olmamalıdır.


Tələblər və Şərtlər


Bununla belə, “startap şəhadətnaməsi” almaq üçün müraciət edilən məhsul və ya xidmətdə müəyyən meyarlar tələb olunur. Təqdim edilən məhsul və ya xidmət mütləq gəlir-mənfəət əldə etməyi hədəfləməli və innovativ təşəbbüsə əsaslanmalıdır. İnnovativlik ya mövcud proseslərin yeni formada təşkili, ya da yeni texnologiyanın tətbiqi ilə əlavə dəyər yaratmalıdır. Eyni zamanda, layihə rəqabətqabiliyyətli olmalı, qısamüddətli (üç ilədək) tələbat artımı proqnozu əsaslandırılmalı və başqa bir startap tərəfindən əvvəllər şəhadətnamə almış məhsul-xidmət ilə eynilik təşkil etməməlidir.


Şəhadətnamənin Üstünlükləri


Şəhadətnamənin üstünlüyü isə alındığı tarixdən etibarən fiziki şəxslərin innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər 3 il müddətinə gəlir vergisindən azad olmasıdır. Eyni zamanda, hüquqi şəxslərin innovasiya fəaliyyətindən əldə etdikləri mənfəət isə şəhadətnaməni əldə etdikləri tarixdən etibarən mənfəət vergisindən 3 il müddətinə azaddır.


Gələcək Strategiyalar


“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” (22 iyul 2022-ci il Sərəncamı) startapların sayının artırılması və inkişafını əsas hədəf kimi müəyyən edir. Strategiya bütün mərhələlər üçün maliyyələşmə mexanizmləri yaratmağı, fiskal imtiyazlar sistemi hazırlamağı və istedad ehtiyatını təmin etməyi nəzərdə tutur. Həmçinin, KOB-lar üçün effektiv maliyyə imkanları yaratmaq məqsədilə mövcud dəstək mexanizmləri yenidən qurulacaqdır. Sahibkarlığa ayrılan maliyyə dəstəyi isə mikro (20%-30%), kiçik (35%-45%) və orta (25%-35%) sahibkarlar arasında bölgü edilməklə planlaşdırılır.


Beynəlxalq Təcrübə


Göründüyü kimi, “Startap” şəhadətnaməsi kimi vergi güzəştləri, İRİA və KOBİA tərəfindən idarə edilən vençur kapital mexanizmlərinin və regional innovasiya mərkəzlərinin inkişafı buna sübutdur. Lakin sürətlə qloballaşan bazarda rəqabət qabiliyyətini təmin etmək üçün beynəlxalq təcrübələrin mənimsənilməsi həlledici əhəmiyyət daşıyır.


Nəticə


Beləliklə, Azərbaycanda startapların hüquqi tənzimlənməsi, innovativ sahibkarlığın inkişafı üçün əhəmiyyətli bir addımdır. Bu sahədəki yeniliklər, startapların maliyyə yükünü azaltmaqla yanaşı, onların inkişafına da dəstək verir. Biz, bu prosesin bir hissəsi olmaqla, hüquqi biliklərimizi artırmalı və startapların yaradılması üçün daha çox imkanlar axtarmalıyıq.


Mənbələr:

  1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.80-ci maddəsi

  2. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı

  3. “Startapın müəyyən olunması meyarları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı

  4. Zeynalova, A. (04.2025). Startap və investor arasında hüquqi körpü: Azərbaycan və ABŞ yanaşmasının müqayisəli təhlili. (Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı, Buraxılış 11:1, Səh. 85-90). https://bsulawreview.org/wp-content/uploads/2025/05/11.BSULawRev1.3.pdf

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page