top of page
Search

Əmək müqaviləsiz iş: Görünməyən risklər və problemlər

Hazırda ölkədə mövcud olan əsas hüquqi problemlərdən biri, əmək münasibətlərinin rəsmiləşdirilmədən həyata keçirilməsi nəticəsində işçilərin əmək və sosial hüquqlarının pozulması, eləcə də bu hüquq pozuntularının qarşısının alınması və aradan qaldırılması istiqamətində normativ-hüquqi mexanizmlərdə olan boşluqlarla bağlıdır. Təsəvvür edin ki, siz öz şəxsi vaxtınızı, enerjinizi və biliklərinizi sərf edərək bir işə qəbul olursunuz. Aylarla, bəlkə də illərlə həmin işdə maddi ehtiyaclarınızı qarşılamaq, həyatınızı davam etdirmək üçün çalışırsınız. Lakin işə başlamazdan əvvəl işəgötürənlə heç bir yazılı razılaşma və ya əmək müqaviləsi imzalanmadığı üçün gələcəkdə yarana biləcək risklərə qarşı hüquqi müdafiədən məhrum qalırsınız. Hətta əməkhaqqınızın ödənilməməsi halında belə, hüquqlarınızı sübut etməkdə çətinlik çəkə bilərsiniz.

Azərbaycan Respublikası Əmək qanunvericiliyinə əsasən, “əmək müqaviləsi” - işəgötürənlə işçi arasında fərdi qaydada Əmək Məcəlləsi ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Digər tərəfdən müvafiq Məcəllənin 7-ci maddəsi əmək münasibətlərinin qanunvericiliklə tənzimlənməsini özündə ehtiva edir. Həmin maddənin tələbinə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Qeyd olunanlara əsasən hesab etmək olar ki, əmək müqaviləsi həm işəgötürən həm də işçi üçün qanuni zəmanət və qoruma vasitəsi rolunu oynayır. Əgər bu sənəd olmazsa, işçi hüquqlarının pozulması halında qanuni müdafiədən istifadə etməkdə çətinlik çəkə bilər. Eyni zamanda, işəgötürən də işçinin vəzifələrini və məsuliyyətlərini sübut etməkdə problem yaşaya bilər.

Əmək müqaviləsiz işləmək işçinin əməkhaqqısının ödənilməməsi, işdən əsassız çıxarılması, əmək stajının qeydə alınmaması və sosial sığorta hüquqlarından məhrum olması kimi ciddi risklərə səbəb ola bilər. Bu halda işçi hüquqlarını qanunla müdafiə etməkdə çətinlik çəkir və gələcəkdə pensiya, xəstəlik məzuniyyəti kimi sosial təminatlardan yararlana bilmir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23.02.2000-ci il tarixli plenum qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Konstitusiyası əmək müqaviləsi ilə işləyənlərə istirahət hüququnun növü olan məzuniyyətin verilməsinə təminat verir. Göründüyü kimi, işçinin ən təməl hüquqlarından olan istirahət hüququnu təmin edə bilməsi üçün işəgötürənlə yazılı əmək müqaviləsi bağlaması şərtdir. Əmək müqaviləsinin bağlanması dövlətin işçi və işəgötürən arasındakı münasibətləri rahat tənzimləməsinə və hüququ pozulan tərəfə pozuntunun aradan qaldırılmasında kömək etməsini asanlaşdırmasına yol açır.

Bu kimi halların qarşısının alınması üçün xüsusilə əmək bazarına yeni daxil olan gənclərin əmək müqaviləsinin hüquqi mahiyyəti, onun əmək münasibətlərində işçiləri qoruyan əsas mexanizmlərdən biri olması və müqaviləsiz işləməyin hüquqi və sosial nəticələri barədə maarifləndirilməsi vacibdir. Cəmiyyətdə hüquqi savadlılığın artırılması və gənc işçilərin öz hüquqlarını tanıması, qeyri-rəsmi məşğulluğun qarşısının alınmasında mühüm rol oynayır.


  1. Azərbaycan Respublikası Əmək Məcəlləsi 5 və 7-ci maddələr;

  2. "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25, 37-ci maddələrinə və 149-cu maddəsinin I hissəsinə uyğunluğu haqqında"Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23.02.2000-ci il tarixli plenum qərarı.

    #əməkmüqaviləsi #əməkməcəlləsi #sosialtəminat #işçi #işəgötürən

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page