top of page
Search

Övladlığa götürmə sirrinin pozulması və nəticəsi

Qanunvericiliyin həssasla yanaşdığı məsələlərdən biri də övladlığa götürmə prosesinin özü və bundan sonrakı mərhələdir. Uşaqlar cəmiyyətin təməli hesab edildiyindən övladlığa götürmə prosesinə yalnızca uşağın mənafeyi naminə yol verilir. Uşağın mənafeyi dedikdə, onların normal, sağlam böyüməsinə təsir edən zəruri şərait, fiziki, mənəvi inkişaf üçün imkanlar başa düşülür.

Övladlığa götürülmə məsələsi ortaya çıxdıqda tərəflərə mənəvi təsir edə biləcəyindən qanunverici bu məsələni sirr hesab edir və bu sirri qoruyur. Övladlığa götürmənin sirri formal olaraq övladlığa götürənin iradəsi ilə əlaqələndirilsə də, mahiyyət etibarilə bu sirr uşağın şəxsi həyatının və psixoloji təhlükəsizliyinin qorunmasına xidmət edir. Buna görə də övladlığa götürülməyə dair işlərə qapalı məhkəmə iclasında baxılır.

Yalnız övladlığa götürən və götürülənin bu sirri pozmaq hüququ var. Dövlət isə bu sirri qorumalıdır: sirri pozmuş şəxslər məsuliyyətə cəlb olunur; övladlığa götürənin, o öldükdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icazəsi olmadan bu barədə məlumat vermək, çıxarışlar, şəhədatnamələr və ya arayışlar vermək qadağandır.

Bu məsələnin ciddiliyini anlamaq üçün Cinayət Məcəlləsinə nəzər sala bilərik:

“Övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya sair alçaq niyyətlə yayma cərimə, ictimai işlər, müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə islah işləri və ya müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.“

Bu məlumatın yayılması şifahi, yazılı formada, anonim və digər şəkildə edilə bilər. Eləcə də nəzərə alınmalıdır ki, övladlığa götürmə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yoxdursa, məsuliyyət yaranmır. Normadan göründüyü kimi bu cinayət tərkibi üçün 3 əsas əlamət lazımdır:

1. Hərəkət övladlığa götürənin iradəsi ziddinə törədilməlidir – yəni övladlığa götürənin icazəsi olarsa, bu məlumat hamıya məlum olarsa, onda məsuliyyət yaranmayacaq, gərək ki övladlığa götürənin iradəsi ziddinə olsun.

2. Cinayəti törədən şəxs xüsusi olaraq müəyyənləşib: xidməti və ya peşə sirri kimi qorumağa məcbur olan şəxs və ya digər şəxs tərəfindən törədilməsə, bu maddə əsasında məsuliyyətə cəlb oluna bilməz. Xidməti və ya peşə sirri kimi qorumalı olan şəxs hakim, hakim köməkçisi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, digər şəxslər dedikdə isə uşağın valideynləri, qohumları, qonşuları və s. başa düşülür.

3. Tamah, qisas və ya sair alçaq niyyətlə törədilməlidir. Tamah niyyəti ilə törədilmə dedikdə şəxsin müəyyən “mükafat” müqabilində, qisas dedikdə keçmişdə baş vermiş düşmənçilik zəmnində cinayət hadisəsinin baş verməsidir. Sair niyyət isə irqçilik, millətçilik və s. ola bilər. Sair niyyət anlayışının dairəsi qanunvericilikdə dəqiq müəyyənləşmədiyindən bu məsələ məhkəmənin mülahizəsi əsasında həll edilir.

Belə bir sual ortaya çıxır: övladlığa götürmənin ləğvi barəsində məhkəməyə, prokurorluğa və s. müraciət edilsə, bu da cinayət məsuliyyətinə səbəb ola bilərmi? Axı, qanunvericilik bu sirri xüsusi həssaslıqla mühafizə edir...

Onu qeyd etmək lazımdır ki, bu əsasla məhkəməyə müraciət edilsə, məhkəmə yenə işə baxarkən və yekun məhkəmə aktını çıxararkən qapalı məhkəmə iclasında baxacaq. Qanunvericilik dövlət orqanlarının da üzərinə bu sirri qorumaq vəzifəsini qoyur. Belə halda şəxsin bu müraciətinə görə məsuliyyətə cəlb edilməsi onu hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etməkdən çəkindirər və nəticə etibarilə məhkəməyə çıxış (çatımlılıq) hüququnun formal yox, real və effektiv şəkildə həyata keçirilməsini mümkünsüz edər. Ona görə də övladlığa götümənin ləğv olunması üçün məhkəməyə müraciət edilməsi övladlığa götürmənin sirrinin yayılması kimi qiymətləndirilə bilməz.


İstinadlar:

1. Azərbaycan Respublikası Ailə Məcəlləsi 130.2, 130.3

2. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllə 349, 350.1

3. Azərbaycan Respublikası Cinayət Məcəlləsi 175

4. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin kommentariyası | hissə, "Hüquq Yayın evi", 2018. Səh 627.

5. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 2.11-ci bənd

6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il tarixli qərarı.

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page