top of page

Mənzildə baş verən qətl

Mənzildə baş verən qətl

Şəmkir rayonunun “N” saylı hərbi hissəsində hərbi xidmətdə olan 2002-ci il təvəllüdlü Murad hərbi xidmətinin 6 ayını başa vurduqdan sonra 07.01.2024-cü il tarixdə məzuniyyət üçün 10 gün müddətinə evə buraxılmışdır. 09.01.2024-cü il tarixdə Muradın dostu Ramin pul və qızıl-zinət əşyaları əldə etmək üçün yaxşı fürsətin olduğunu bildirmişdir. Murad bu fürsətin nədən ibarət olduğunu soruşduqda, Ramin ona Bakı şəhəri “Tarqovıy” adlanan ərazidə binanın 2-ci mərtəbəsində 1943-cü il təvəllüdlü Səməd və onun həyat yoldaşı 1945-ci il təvəllüdlü Gülnarə adlı şəxslərin yaşadığını, onların evində kifayət qədər pul və qızıl-zinət əşyalarının olduğunu bildirmişdir. Murad onun təklifini qəbul etmiş və bunu necə edəcəkləri barədə soruşmuşdur. Ramin isə həmin evdə yaşayan hər iki şəxsi öldürəcəklərini və bunun üçün dostu Arifdən borc qarşılığında aldığı tüfənginin və qatlanan bıçağının olduğunu və bu cinayəti törətmək üçün bu alətlərdən istifadə edə biləcəklərini bildirmişdir. Murad da Raminin bu təklifi ilə razılaşmışdır. 12.01.2024-cü il tarixdə dostlar planlarını həyata keçirmək üçün Səməd və Gülnarənin yaşadığı evin qapısını xüsusi alətlə açaraq evə daxil olmuşlar. Qapının açıldığını görən Səməd onlara tərəf hərəkət edərkən, Ramin onu asanlıqla yerə yıxmış və sonra özü qalxaraq, əlindəki tüfənglə ona 1 ədəd atəş açmışdır. Murad isə yatmış halda olan Gülnarənin bədəninin müxtəlif nahiyələrinə əlindəki qatlanan bıçaq vasitəsilə 12 ədəd zərbə endirmişdir. Bundan sonra Ramin və Murad evi axtarmış və 23.000 (iyirmi üç min) manat məbləğində pulu götürmüş, qızıl-zinət əşyalarını isə tapmamışlar. Səhəri gün qonşular Səməd və Gülnarənin meyitini aşkar etmiş, bu barədə polisə məlumat vermişlər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirmiş, maddi sübutları toplamışlar. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Səmədin ölümünə səbəb ürək nahiyəsinə tuş gələn 01 ədəd güllə yarası, Gülnarənin ölümünə səbəb isə ürək nahiyəsinə tuş gələn bıçaq zərbəsi nəticəsində baş vermiş kəskin qan axması olmuşdur. Kamera görüntülərinə baxış keçirilməsi nəticəsində istintaq orqanı cinayəti törətmiş şəxslərin Murad və Ramin olması qənaətinə gəlmişlər. Müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şübhəli şəxs tutulmuşdur.
Törətdikləri əməlləri etiraf etdikdən sonra, dostlar təqsirləndirilən şəxs qismində cəlb olunmuşlar. Ramin hadisəni törətdiyi tüfəngi, Murad isə hadisəni törətdiyi 01 ədəd qatlanan bıçağı istintaq orqanına təqdim etmişdir. Məhkəmə-ballistik eskpertizası nəticəsində bıçağın soyuq silah olması müəyyən edilmişdir. Məhkəmə-ballistik ekspertizasının nəticəsinə əsasən, hadisə yerindən tapılmış 01 ədəd giliz Raminin istintaq orqanına təqdim etdiyi tüfəngdən açılmış atəş nəticəsində yerə düşmüşdür. Ramin dindirmə zamanı müstəntiqin ona verdiyi “Tüfəngi necə əldə etmisən?” sualına cavab olaraq dostu Arifdən borcuna qarşılıq olaraq əldə etdiyini bildirmişdir.

Suallar:
1) Raminin əməlinə hüquqi qiymət verin (tətbiq ediləcək maddə
(maddələr)).
2) Muradın əməlinə hüquqi qiymət verin (tətbiq ediləcək maddə
(maddələr)).
3) Arifin əməlinə hüquqi qiymət verin (tətbiq ediləcək maddə
(maddələr)).
4) Baş vermiş cinayət hadisəsinin istintaq aidiyyətini müəyyən edin.
5) Baş vermiş cinayət hadisəsinin məhkəmə aidiyyətini müəyyən
edin.
6) Hər bir təqsirləndirilən şəxs üçün cəzaçəkmə müəssisəsinin
növünü müəyyən edin (tam izah).

CAVAB FORMU

Məlumatların doğruluğuna əmin olun

təşəkkürlər

bottom of page